3 stansiyanın iş vaxtı uzadılacaq – “Qarabağ”ın oyununa görə
Noyabrın 3-də “Gənclik” stansiyasının yaxınlığında yerləşən Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın keçirəcəyi oyunla əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişikliklər ediləcək.
“Qarabağ” klubundan Komanda.az-a verilən məlumata görə, arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar “Bakı Metropoliteni”nin əməliyyat planına uyğun olaraq, stansiyada oyun ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Nəzarət mexanizmləri gücləndiriləcək, stansiyada növbətçilik cədvəli tərtib olunmaqla, əlavə işçi qüvvəsi ayrılacaq. “Nərimanov” və “28 May” stansiyalarında ehtiyat tədbirlər görüləcək.
Bundan əlavə, “Qarabağ”ın müraciətinə uyğun olaraq, “Bakı Metropoliteni” QSC-nin verdiyi qərara əsasən, futbol matçını stadionda izləyəcək azarkeşlərin qarşılaşmadan sonra mənzil başına rahat çatmaları üçün “Gənclik”, “28 May” və “Nərimanov” stansiyalarında iş saatı 01:00-a qədər uzadılacaq.
Zərurət yaranacağı təqdirdə, hazır vəziyyətdə saxlanılacaq ehtiyat qatarlar xəttə buraxılacaq.
Noyabrın 3-də “Qarabağ” Almaniya “Frayburq”u ilə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin