29 dəfə rəmzi komandada, 5 dəfə ən yaxşı
Koronavirus pandemiyası üzündən 20 turdan sonra dayandırılan Azərbaycan Premyer Liqasının arxada qalan hissəsində “Qəbələ”nin futbolçuları ən yaxşılar sırasında yer alıb.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, mövsümdə 5 dəfə turun oyunçusu adına “qırmızı-qaralar”ın üzvü layiq görülüb.
Bu adı fərqli oyunçular qazanıb. Bunlardan üçü 2-ci, ikisi 3-cü dövrəyə təsadüf edib. Ən yaxşı adına bir dəfə yerli, dörd dəfə legioner layiq görülüb. 19-cu turda klubun yetirməsi olan Qismət Alıyev bu ada yiyələnib. Davit Volkov (10-cu tur), Merab Giqauri (11-ci tur), Fernan Lopez (13-cü tur) və Nikolas Raysel (20-ci tur) də hərəyə bir dəfə fərqlənib.
“Qəbələ”nin futbolçuları mövsümdə 29 dəfə “İnStat” şirkətinin təhlilinə əsasən müəyyənləşən turun rəmzi yığmasında yer alıb. Üç oyunçu daha çox fərqlənib. Bunlar xorvatiyalı İvitsa Juniç (13, 16, 19 və 20-ci turlarda) və gürcüstanlılar Merab Giqauri (5, 7, 11, 13) ilə Davit Volkovdu (9, 10, 11, 13). Onlar hərəyə 4 dəfə rəmzi komandaya daxil edilib. Üç futbolçu isə mövsümdə 3 dəfə “11-lik”də qərarlaşıb. Anar Nəzirov 11, 13 və 20-ci, Fernan Lopes 10, 11, 13-cü, Qismət Alıyev 10, 11 və 19-cu turlarda ən yaxşılar sırasında olub. Klesio Bauk (7, 13) bunu 2 dəfə bacarıb. Ümumilikdə, mövsüm ərzində 13 oyunçu rəmzi komandaya düşüb. Hərəyə bir dəfə “11-liy”ə daxil edilənlərdən Roman Hüseynov, Ülvi İsgəndərov və Yusif Nəbiyev 11-ci, Rövlan Muradov 13-cü, Amin Seydiyevlə Nikolas Raysel 20-ci turda fərqlənməyə müvəffəq olub.
Bizi Facebook-da izləyin