22 yaşında “qocalan” “İmperator” Yazı+Fotolar
Futbol dünyasının əvəzedilməz işidir bu, böyük futbolçuların varisini axtararlar hər zaman. Yeni Maradona, yeni Pele, yeni Zinəddin Zidan və s. Amma nə Aymar Maradona ola bildi, nə Robinyo yeni Pele, nə də Samir Nəsri yeni Zidan.
O da Ronaldo olacaqdı. Dünyanın ən texnikalı hücumçusu sayılan braziliyalı Ronaldo…
“Flamenqo”nun aşağı yaş qruplarında yetişən hər uşaq kimi, Adriano Leyte də Artur Zikonu idealı seçmişdi. Karyerası böyük ümidlərlə başlasa da, xəyal qırıqlığı ilə başa çatdı. Özünün də dediyi kimi, Rio de Janeyroda doğulmusansa, ya futbolçu olmalısan, ya da avara. O, futbolçu olmağı seçsə də, ikincini seçən dostlarından ayrılmadı.
“İnter” onu Braziliyadan transfer edəndə, sadəcə 19 yaşı var idi. Baş məşqçi Ektor Kuper onu “Real”la oyunun son 10 dəqiqəsində meydana buraxmışdı. Həmin oyundan sonra o, “İnter” azarkeşlərinin gözündə yeni Ronaldo olmuşdu. O gündən sonra tərəfdarlar ona “İmperator” ləqəbini verdilər.
2002-ci ildə “İnter” onu “Fiorentina”ya icarəyə verdi. O, komandanın bombardiri olsa da, “Fiorentina”nın aşağı diviziona düşməsinə mane ola bilmədi. Elə həmin il “Parma”ya transfer olundu. Çezare Prandellinin rəhbərlik etdiyi komandada Mutu, Nakata, Breşiano, Cilardinyo və Matteo Ferrari kimi adlar vardı. “Parma”nın heyətində iki mövsüm keçirdi və 23 qolla yadda qaldı Adriano.
“İmperator” Braziliya millisinin heyətində uzun müddət kölgədə qaldı. Ronaldinyo, Rivaldo və Ronaldo ilə rəqabət aparmaq elə də asan deyildi. Karyerasının zirvəsini yaşadığı günlərdə, “Rio de Janeyroda “Flamenqo”nun məşqlərinə gedərkən, şagirdlərin pulsuz mindiyi avtobusda pulum olmadığı üçün məktəbli formasında gedirdim. İndi hər şeyi ala biləcək qədər pulum var, amma xoşbəxt deyiləm, çünki atam yoxdur” demişdi Adriano.
2004-cü ildə Amerika kubokunu qazanan Braziliya millisinin heyətində vurduğu 5 qolla bombardir oldu. Bir ay sonra isə atasının ölümünü öyrəndi, hər şey elə o gün bitdi onun üçün. Qabriel Qarsia Markezin dediyi kimi: “Bir insan atasına bənzədiyini başa düşdüyü an, qocalmağa başlayar”.
“Atam kimi idim, onun gedişini heç cür qəbul edə bilmədim və özümü içkidə tapdım” deyəndə, Adrianonun sadəcə 22 yaşı var idi və o, artıq qocalmağa başlayan biri idi…
2004-cü ildə onu yenidən transfer edən “İnter”, azarkeşlərin istədiyi “İmperator” üçün çox çalışdı, amma cəmi bir dəfə bu cəhdləri uğurlu alındı. “Sambaçı” 2005-ci ildə özünə gəlməyə başlayanda, klub ona 5 illik müqavilə təklif etdi. “İnter”in prezidenti olmuş Massimo Moratti, illər sonra “Nə edə bilərdim ki?! Oğlum kimi idi, mən də psixoloq deyildim, amma onu tez-tez otağıma çağırar, nəsihət verərdim. O da söz verirdi, amma verdiyi sözü tezliklə unudardı” demişdi.
Bəlkə də, onun karyerasının sonu elə Roberto Mançininin dövrünə təsadüf etdi. Mançini məşqlərə gecə yatmayaraq gələn futbolçunu istəmirdi və onun adını Çempionlar Liqasının heyətindən sildi. İllər sonra bu barədə danışan futbolçu, o anları belə xatırlayırdı:
“Mançini ilə münasibətim heç vaxt yaxşı olmadı. Səhər məşqlərə gecikdiyim üçün məzəmmət olunmayım deyə, gecə yatmırdım. Mançininin köməkçiləri məni idman salonuna məşq etməyə yollayır, jurnalistlərə isə “zədəlidir” deyirdilər. Salonda məşq edəcək gücüm olmadığı üçün yatırdım”.
Joze Mourinyo da onu yenidən çağırmışdı komandaya. Amma yenə alınmamışdı istədikləri. “Mourinyo mənə çox inanmışdı, kömək əlini uzatdı, amma onu da pis vəziyyətdə qoydum” sözləri Adrianonun vəziyyətini ifadə edir.
Bir müddət “San Paulo”ya icarəyə verilən futbolçu, 2009-2010-cu il mövsümünü “Flamenqo”da keçirir. 2010-cu ildə “Roma”ya keçidi böyük ümidləri yenidən alovlandırmışdı. “İmperator” geri döndü” manşetləri hazırlayan italiyalı jurnalistlər, onun artıq əvvəlki kimi olmayacağını bir neçə oyun sonra anladılar. “Canavarlar”ın heyətində qol hesabını aça bilməyən Adriano üçün yenidən klubları “əlcək kimi” dəyişməyin vaxtı idi. Son oynadığı klub olan “Atletiko Paranaense”ylə müqavilə imzaladıqdan sonra yoxa çıxdı. Bu klubun heyətində cəmi bir oyun keçirən braziliyalı, iki gün ardıcıl məşqə gəlmədikdən sonra, üçüncü gün komandadan qovuldu.
Milan diskotekalarında bir gecəyə 20 min avro xərcləyən Adrianonun enişli-çıxışlı karyerası belə bitir.
Sonralar haqqında Braziliyada narkotik qruplaşması ilə əlaqəsinin olmasına görə 15 ilədək həbs cəzasının istənildiyi, amma kifayət qədər sübut tapılmadığı xəbərləri yayıldı. Adriano uşaqlıq dostları ilə əlaqəsini hər zaman davam etdirdi. Onlardan biri motosiklet hədiyyə etdiyi, narkotik qruplaşmasının lideri, “Mica” ləqəbli Paulo Roqeriodur. Demək ki, bir insanı bataqlıqdan çıxa bilərsiz, amma onun içindəki bataqlığa təsir edə bilməzsiz…
Aygül Qarayeva
Bizi Facebook-da izləyin