“FİFA bu məsələdə “Sabah”ın mövqeyinin haqlı olması barədə qərar verdi” AÇIQLAMA
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin sabiq futbolçusu Oleq Karnauxun “Sabah” klubundan İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət etdiyini xəbər vermişdik.
“Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Komanda.az-a açıqlamasında, məsələ ilə bağlı FİFA-nın klubun haqlı olması ilə bağlı qərar verdiyini, daha sonra isə futbolçunun CAS-a müraciət etdiyini bildirib:
“Oleq Karnaux müqaviləsinə vaxtından əvvəl xitam verilməsiylə bağlı FİFA-ya müraciət eləmişdi. FİFA bu məsələdə klubun mövqeyinin haqlı olması barədə qərar verdi. Futbolçu bundan sonra CAS-a müraciət etdi. Aprelin 23-də məsələ ilə bağlı məhkəmə oldu. Qərar yaxın vaxtlarda açıqlanacaq”.
Oleq “Sabah”la 2019-cu ilin yayında üç illik müqavilə imzalamışdı. Ukraynalı futbolçu Azərbaycan təmsilçisi ilə heç bir oyuna çıxmamış və 2020-ci ilin iyulunda müqaviləsinə xitam verilmişdi. Oleq sözləşməsinə vaxtından əvvəl xitam verildiyi üçün “Sabah”dan şikayət edib.
Karnaux Azərbaycanın U-21 yığmasına dəvət alsa da, millidə debüt etməyib. Qapıçı hazırda Ukraynanın “Yarud Mariupol” klubunda çıxış edir.
Bizi Facebook-da izləyin