“Neftçi” Bakıdakı kimi oynasa…” – SORĞU

“Neftçi” bu gün UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Rapid”lə (Avstriya) cavab oyununu keçirəcək. Bakı klubu növbəti mərhələyə adlamaq üçün səfərdə ən azı heç-heçə etməlidir. Bəs “ağ-qaralar” növbəti mərhələyə adlaya biləcəkmi?

Komanda.az bu sualla idman jurnalistlərinə müraciət edib:

İxtiyar Əsgərov (matc.az)

“Proqnoz vermək çox çətindir. Rəqib çox çətin, köklü komandadır. Lakin “Neftçi”nin dünənki mətbuat konfransında rumıniyalı baş məşqçi əminliklə dedi ki, biz bura müdafiədə oturmağa, hesabı qorumağa yox, mərhələ adlamağa gəlmişik. Kənardan nə qədər proqnoz versək də, ən yaxşısını baş məşqçi bilir. Məşqçi deyir ki, mərhələ keçəcəyik, demək ki, ona inanmaq lazımdır. İnanaq və ümid edək. Proqnoz verə bilmərəm, amma rəqib çox çətin komandadır. Eyni zamanda, öz meydanında oynayacaq, 20-28 min azarkeşin qarşısında. Hər iki tərəf iddialıdır, təki mərhələni “Neftçi” keçsin”.

Kamran Hacı (allsport.az)

“Qarabağ” Çempionlar Liqasının 3-cü mərhələsində Macarıstanın qızıl medalçısını sıradan çıxarmaqla, bizi yenidən ali klub yarışının qrup həyacanını yaşamağa ümidləndirib. Eyni xoş sözü “Neftçi” barəsində də söyləmək olar. “Neftçi” evdə tanınmış Avsriya klubunu hər mənada üstələdi. Əsas vaxta əlavə olunan son dəqiqədə yersiz qol buraxmağımız ovqatı bir az korlasa da, komandamızın mərhələ keçəcəyinə inanıram. Hazırkı durumda bizə kub əmsalında xallar çox gərəkdir. Təkcə “Qarabağ”ın uğuru ilə iş bitmir. “Neftçi” Konfrans Liqasının qrupuna düşərsə, reytinqi yaxşılaşdırıb, irəliləmək imkanı qazanacağıq. “Ağ-qaralar”ın oyundan-oyuna toparlanaraq artırması buna nikbin baxmağa əsas verir. Allah qoysa, bu gün flaqman səfərdən sərfəli nəticə ilə dönər”.

Mirağa Mirzəyev (fanat.az)

“Neftçi” yayda böyük dəyişikliyə məruz qalıb. Baş məşqçi dəyişib, heyətə yeni futbolçular cəlb olunub. Təbii ki, belədə baş məşqçinin öz sistemini tətbiq etməsi, oyunçuların ona uyğunlaşması zaman tələb edir. Çox güman, bu səbəbdən komanda Konfrans Liqasına inamsız başladı. “Aris”lə səfər oyununda kifayət qədər problem var idi. Ancaq cavab görüşündə başqa “Neftçi” gördük. “Rapid”lə Bakıdakı oyunda da bakılılar üstün, keyfiyyətli oyun sərgiləyib qələbə qazandılar. Fərq daha böyük ola bilərdi. Son saniyələrdə buraxılan qol olmasaydı, biz indi cavab görüşü ilə bağlı daha əminliklə danışa bilərdik. İstənilən halda, komandanın tədricən, oyundan-oyuna artırması ümid verir. “Neftçi”nin mərhələ adlayacağını düşünürəm. Bakıdakı kimi oynasalar, bunun öhdəsindən gələ biləcəklərini düşünürəm”.

 Saleh Arslan (korner.az)

“Neftçi” ilk oyundakı kimi əzmkarlıq nümayiş etdirməlidir. Əks halda, Bakıdakı nəticə əhəmiyyətsiz qalacaq. İlk 15 dəqiqə xüsusilə gərgin olacaq “Neftçi” üçün. O təzyiqə davam gətirmək çox vacibdir. Ümid edirəm ki, “Neftçi”nin Avropa macərası bu gün yekunlaşmaz”.

Mərdan Həsənov (newsport.az)

“Neftçi”nin oyunundan gözləntimiz qələbədir. Burdakı oyunda da gördük ki, “Rapid” “Neftçi”nin “diş”inə görə rəqibdir, müdafiədə çox boşluqlar verir. “Neftçi” maksimum dərəcədə bu boşluqlardan istifadə edib, yararlanmalıdır. Komanda axşamkı oyunda müdafiədə oturmayıb, hücum futbolu oynasa, mərhələni keçən tərəf olacaq. Amma “Neftçi”nin cinah müdafiəçilərinin zəif olması problem yarada bilər. Düzdür, mərkəz müdafiəçiləri çox yaxşı və təcrübəli oyunçulardır. Bir neçə oyundur görürük ki, onlar cinah müdafiəçilərini sığortalaya bilirlər, iki oyunçunun yerinə oynayırlar. Lakin bu, hər zaman belə davam edəcək anlamına gəlmir. Bu səbəbdən, ola bilər ki, “Neftçi”nin cinah müdafiəçilərinin zəif olması problem yaratsın. Ancaq öz oyununu oynasa, axşam qələbə “Neftçi”nin olacaq”.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button