“De Byazini millidən uzaqlaşdıracaqlar, bütün problemləri onun üzərinə atacaqlar” – Müsahibə

“Neftçi”, “Qarabağ”, “Şəmkir”, “Şəfa”, “Xəzər Lənkəran” kimi klublarda çıxış etmiş, karyerasını bitirdikdən sonra seleksiyaçı-məşqçi kimi fəaliyyət göstərən Azərbaycan millisinin keçmiş yarımmüdafiəçisi Bəxtiyar Musayevin Komanda.az saytına müsahibəsi:

– Bəxtiyar bəy, hazırda nə işlə məşğulsuz?

– İndi heç bir klubla bağlılığım yoxdur. Sərbəst olaraq, seleksiya işini sevdiyimə görə onunla maraqlanıram, öz üzərimdə çalışıram. Xaricdə olan menecer dostlarım futbolçularla bağlı məlumatlar göndərirlər, mən də onları izləyirəm. Yaxşıları ayırıb bir araya qoyuram, kiməsə ehtiyac olan zaman öz seçimimi onlara təklif edirəm.

– Azərbaycan Premyer Liqasının oyunlarını izləyirsiz?

– Bəli, mütəmadi olaraq izləyirəm. Yalnız “Qarabağ” komandası diqqətimi çəkir. Bu il çox gözəl çıxış edirlər. İstər çempionatda, istərsə də UEFA Konfrans Liqasında çıxışları çox ürəkaçan oldu.

– “Qarabağ”dan başqa, hansı komandanın oyunu diqqətinizi çəkir?

– “Qarabağ”dan başqa, “Sabah” komandasının oyununu qeyd etməyə dəyər. Onlar da yeni baş məşqçi gəldikdən sonra gözəl futbol sərgiləyirlər.

– Seleskiyaçı məşqçi kimi işləmisiz. Azərbaycana gətirilən legioner futbolçuların səviyyəsi sizi qane edir? Hansı klubu bu baxımdan fərqləndirmək olar?

– Təəssüflər olsun ki, bu il komandalara nəzər saldıqda, görürük ki, heç bir klub legionerlər baxımından ciddi uğura imza atmayıb. Sadəcə “Qarabağ”dan Leandro Andrade, xüsusilə də, Kadi Borgesin oyunu göz oxşayır. Onları uğurlu transferlər adlandırmaq olar.

“Neftçi” böyük uğursuzluqlara düçar olub. Nə yayda, nə də qış transfer dönəmində deyə bilmərəm ki, göz oxşayan bir futbol sərgilədi. Mən onların transfer siyasətini fiyaskoya uğramış hesab edirəm.

“Sabah” klubunda Xuan Kamara, Coy-Lens Mikels, Aleksey Kaşuk, “Zirə”də isə qış transfer dönəmində Hamidu Keytanın transferini uğurlu hesab etmək olar.

– Azərbaycan millisi yoxlama oyunlarında Maltaya və Latviyaya uduzdu. Milli komanda nə vaxt normal oynayıb, nəticə qazana biləcək?

– Milli komandadan illərdir danışırıq. Mən onların bu cür yanaşma ilə heç nəyə nail olmayacaqlarını demişəm. Təəssüflər olsun ki, son iki yoxlama oyununda da milli komanda sözün əsl mənasında fiyaskoya uğradı. Elə bu cür də davam edəcəyik. Bizdən başqa, bütün milli komandalar inkişafdadır. Bu gedişlə Cəbəllütariq, San Marino da gəlib bizi ötəcək. Millidə vəziyyət çox acınacaqlıdır. Burada hər şeyi ümumi, kompleks götürmək olar. Həm məşqçi seçimi, həm federasiyada görülən işlər millinin oyununa neqativ təsir edir. Yaxın gələcəkdə də nə isə bir qığılcım yoxdur ki, ümid yeri olsun. Bu gedişlə millidən heç nə gözləmirəm. Hər il geri gedir.

– Azərbaycan millisində xeyli sayda milliləşdirilmiş futbolçular forma geyinir. Onlar barədə fikirləriniz nədir?

– Hər zaman istəmişəm ki, millimizdə Azərbaycan balaları çıxış etsin. Komandada sırf futbolla məşğul olub böyüyən və millidə layiqincə çıxış edən futbolçuları görmək istəmişəm. Təəssüflər olsun ki, son vaxtlar elə bir futbolçu da yetişmir ki, onlara baxaq, sevinək. Milliləşdirilmiş futbolçuların da sayı hər il çoxalır. Bu qədər legionerin milliyə dəvət alması heç bir məntiqə sığmır. Yaşı artıq 30-a yaxınlaşan, 30-u keçən, karyerasında enişə doğru gedən futbolçuları milliləşdiririk. Həmin futbolçu da ancaq özünə xidmət edir, başqa heç kim ondan yararlanmır. Son oyunlarda da gördük milliləşdirilən futbolçuları, baş məşqçinin gördüyü işi. Milli barəsində bir dənə də olsun ürəkaçan cümlə qurmaq olmur.

– Yaxınlarda millinin baş məşqçisi Canni De Byazi Azərbaycan yığmasının üzvləri haqda İtaliya mətbuatına müsahibəsində “xaraktersiz” və “qorxaq” ifadələrini işlətmişdi. Düzdür, sonradan belə ifadə işlətmədiyini dedi. Amma hər halda, sizcə, bizim futbolçular qorxaq və xaraktersizdir?

– De Byazi ilə bağlı fikrimi müqaviləsi uzadılmamışdan öncə demişdim. Neçə ildir buradadır, yenidən onunla müqavilənin uzadılmasının heç bir faydası olmayacağını söyləmişdim. Bu futbol mütəxəssisi – adamın heç dili də gəlmir ona mütəxəssis desin – özünü futboldan anlayışı olmayan biri kimi göstərir. Nə futbolçu seçimi, nə oyuna müdaxiləsi, heyətin qurulması, taktiki gedişlər – məşqçi kimi heç nəyi yoxdur.
Mən müqaviləsinin uzadılmasının da əleyhinə idim, dəfələrlə etirazımı bildirmişdim. AFFA Məşqçilər Şurasından da dedilər ki, o, əvvəl komandanı tanımırdı, indi müqaviləsini uzadırıq, nəticə tələb edəcəyik. Mənim başım çıxmır ki, belə insandan necə nəticə tələb etmək olar? O, heç bir ümid vermir axı ondan nəticə tələb edəsən. Federasiya tərəfindən böyük bir yanlışlığa yol verildi. Son iki məğlubiyyət və biabırçı oyun da bunun sübutudur. Deyəsən, bəhanə axtarırdılar ki, De Byazi ilə yollarını ayırsınlar. Mənə elə gəlir ki, De Byazi ilə yollar ayrılacaq. Onun futbolçular haqqında işlətdiyi sözlər də ciddi iraddır. Lakin sonra dedi ki, mən elə söz deməmişəm. Mən əvvəl də demişdim ki,De Byazini millidən uzaqlaşdıracaqlar, son baş verənləri, ümumiyyətlə, millidə olan bütün problemləri onun üzərinə atacaqlar. Hazırda bu təbliğat gedir. Millinin bu vəziyyətinə bir çarə qılmaq lazımdır. Çox ciddi bir ölçü götürülməlidir.

– İndi əksəriyyət milli komandanın baş məşqçi postunda yerli mütəxəssisin olmasını istəyir. Sizcə də, millinin “sükan”ını milli məşqçiyə tapşırmaq lazımdır?

– Mənim yeganə namizədim Qurban Qurbanovdur. Tam püxtələşmiş məşqçi kimi ancaq onu görürəm millinin “sükanı arxasında”. Onunla nəyəsə nail olmaq olar. Qurbanovdan başqa, De Byazi kimi məşqçinin gəlməsindənsə, milliyə hansısa yerli məşqçinin gəlməsi daha uğurlu olar. Əvvəldən də bunu demişəm, yenə də sözümün üstündə dayanıram.

Mehri Qurban

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button