“14 il əvvəl tanımadığım “Qarabağ”ın indi nəyə qadir olduğunu bilirəm” – Xabi Alonso
Almaniyanın “Bayer” komandasının baş məşqçisi Xabi Alonso Avropa Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Son 15 dəqiqə çox gərgin keçdi, həmin anlarda “Qarabağ”ın hücumlarının qarşısını almağa çalışırdıq. Penalti zərbəsi ilə də olsa, qələbə qazandıq. “Qarabağ” güclü komandadır, bizi təəccübləndirmədi. Kiminlə qarşılaşdığımızı bilirdik. Bunu nəzərə alaraq bura gəlmişdik. Hazırda qrupda birinci yerdəyik. Yenə də qələbələri sıralamalıyıq. Futbolçularımız get-gedə daha yaxşı oyun sərgiləməyə çalışırlar”.
Xabi Alonso 14 il əvvəl Azərbaycana gəldiyini xatırladaraq, bu müddətdə çox dəyişikliklər olduğunu bildirib: “Həm Azərbaycanda, həm də “Qarabağ”da çox dəyişikliklər olub. 14 il əvvəl heç “Qarabağ”ı tanımırdım. Amma indi nəyə qadir olduğunu bilirəm. Bu klub ildən-ilə böyüyür, növbəti uğurlar üçün hər şeyi edir”.
Onun fikrincə, penalti epizodunda hakim haqlı qərar verib: “Penaltidir, istər ilk dəqiqələrdə olsun, istərsə də son dəqiqələrdə. Əgər əllə toxunuş var idisə, top qapıya tərəf gedirdisə, penalti idi. Referilər bu qərarı verir”.
41 yaşlı çalışdırıcı qrupda ikinci yer uğrunda “Molde” ilə “Qarabağ” arasında rəqabət gedəcəyini düşünür: “Hansı komandanın ikinci yeri tutmağa qadir olduğunu son görüş göstərəcək”.
“Bayer”in baş məşqçisi “Qarabağ”ın heyətində bəyəndiyi oyunçuların da adlarını sadalayıb: “Qarabağ” çox gözəl komplektləşib, yaxşı heyəti var. Marko Yankoviç, Abdullah Zubir və Juninyo Olavionun adını çəkə bilərəm. Digərlərinin xətrinə dəymək istəmirəm, hamısı yaxşıdır. İnanıram ki, onlar üzərlərinə düşəni edəcəklər”.
Bizi Facebook-da izləyin