13 yaşlı Rahid Əmirquliyevin nağılı

Bu gün Peşəkar Futbol Liqasının rəsmi saytı bir xəbər yaydı və Komanda.az da daxil olmaqla, bütün idman mediası həmin məlumatı tirajladı. Xəbər nədir? Olduğu kimi yenidən təqdim edək:

Azərbaycan Premyer Liqasının 5-ci turu yeni rekordla əlamətdar olub. İlk oyun gününün ikinci matçında meydana çıxan Rahid Əmirquliyev ölkə çempionatları tarixinə düşüb.

“Zirə”yə qarşı oyun “Səbail”in kapitanı üçün 422-ci çempionat görüşü olub.

32 yaşlı yarımmüdafiəçi bununla da, Azərbaycan çempionatları tarixində ən çox matç keçirən futbolçu adına yiyələnib. O, 421 dəfə meydana çıxan Mahmud Qurbanovun rekordunu arxada qoyub. 3-cü turun “Sumqayıt”la görüşündə rekordu təkrarlayan Əmirquliyev “ASCO Arena”da mütləq göstəriciyə imza atıb.

Rahid Azərbaycan çempionatlarında 2003/04 mövsümündə debüt edib. O, 2003-cü il iyulun 12-də səfərdə keçirilən “Şəfa” – “Şahdağ” matçının (1:0) iştirakçısı olub. Rahid karyerası ərzində çıxdığı matçlarda 33 qol vurub.

O, ölkə çempionatlarında 4 klubun formasını geyinib. Əmirquliyev yetirməsi olduğu “Şahdağ”da 57 (7 qol), “Xəzər Lənkəran”da 254 (23 qol), “Qarabağ”da 37 (3 oyun) qarşılaşmaya çıxıb. “ASCO Arena”dakı matç onun “Səbail”də 74-cü görüşüdür.

Qeyd edək ki, Azərbaycan çempionatlarında yalnız Rahid Əmirquliyevlə Mahmud Qurbanov 400 oyun səddini keçə bilib.

2003/04. Şahdağ-Samur (Qusar) – 16 oyun (3 qol)”.

Diqqət etməsən, hər şey normal görünur, hətta Rahidə yekə bir “əhsən” də demək istəyirsən. Amma stop! Tələsməyin. Əmirquliyev elitada 2003-cü ildə debüt edib. Bəs ölkənin ən çox oyun keçirən futbolçusunun neçə yaşı var? 32! Rahid 1989-cu il doğumludursa, 2003-cü ildə peşəkar liqada ilk oyununa çıxıbsa, onda o, Azərbaycanda yox, bütün dünyada tanınmalıdır axı. Çünkı bu “cavan oğlan” ilk dəfə elitada meydana çıxanda heç 14 yaşında da olmayıb! 01.09.1989-cu il təvvəllüdlü Rahid ilk dəfə meydana çıxanda 13 yaş 317 günlük olub. Ujas! İnanılmaz! Bunu bütün dünya, FİFA, UEFA bilməlidir! Amma bu inanılmaz faktı “Ginnesin rekordlar kitabı”na yazdırmazdan, FİFA və UEFA-ya xəbər verməzdən əvvəl Əmirquliyevin “lipa” olduğunu da deyin, bizi biabır etməyin. Deyin ki, Azərbaycanda futbolun hətta statistikası da saxtadır və biz bu saxta statistikanı həqiqət kimi qəbul edirik.

Kürşad

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button