12 boksçu beynəlxalq turnirin yarımfinalında
Qazaxıstanın Karaqanda şəhərində keçirilən boks üzrə beynəlxalq turnirdə 1/4 final mərhələsinə yekun vurulub.
Komanda.az xəbər verir ki, Azərbaycan, Qazaxıstan, Kuba, Gürcüstan, Tacikistan, Qırğızıstan və Kambocadan 150-dək idmançının qatıldığı yarışda Azərbaycan yığmamısının 12 üzvü yarımfinalda iştirak hüququ qazanıb.
Boksçularımızdan Məsud Yusifzadə (54) 1/4 final çərçivəsində yerli Kaysar Nurəlimbayla qarşılaşıb. Rəqibini məğlub edən idmançı növbəti döyüşündə kambocalı Sukti Novla üz-üzə gələcək.
Tayfur Əliyev (60 kq) Ersendir Muradxanovla (Qazaxıstan) gücünü yoxlayıb. 1/4 finalda qalib gələn Avropa Oyunlarının mükafatçısı finala gedən yolda digər qazaxıstanlı Ruslan Kuzembayevlə münasibətinə aydınlıq gətirəcək.
63,5 kq çəkidə rinqə çıxan Malik Həsənov da 1/4 final mərhələsindəki görüşünü aktivinə yazıb. O, Maqjan Alimov (Qazaxıstan) üzərində qələbə qazanıb. Həsənov yarımfinalda Vasili Samçuku sınağa çəkəcək.
Nəbi İsgəndərov (67 kq) qırğızıstanlı Marlen Emilovu mübarizədən kənarlaşdırıb. Gəncə boksunun yetirməsi final üçün Abılay Smanla (Qazaxıstan) döyüşəcək.
Yığma üzvü Mirşərif Kazımzadənin (75 kq) də 1/4 final döyüşü uğurlu alınıb. Sürağan Erjanı (Qazaxıstan) məğlub edən boksçu yarımfinalda onun komanda yoldaşı Beybaris Sıdınla üz-üzə gələcək.
80 kq çəkidə millinin lideri Murad Allahverdiyev də adını yarımfinala yazdırıb. O, 1/4 finalda yerli Fanibet Samixan üzərində tam üstünlüklə qalib gəlib. Allahverdiyev növbəti qarşılaşmasında Erkebulan Ekimbayla (Qazaxıstan) görüşəcək.
Digər boksçularımızdan Həsən Məlikov Usmonjon Merzoyevlə (Tacikistan), Tural Sarıyev (hər iksi 48 kq) Jenşi Ulpatovla (Qırğızıstan), Nicat Hüseynov (51 kq) Reyes Romero (Kuba) ilə, Məhəmməd Abdullayev (+92 kq) Məhəmməd Abroridinovla (Tacikistan) qarşılaşacaq. 71 kq çəkidə isə təmsilçilərimiz Rəşid Həsənovla Sərxan Əliyev qüvvəsini sınayacaq.
Bizi Facebook-da izləyin