10 qat Belçika çempionu peşəkar klub statusunu itirdi
Belçika “Standard”ı peşəkar klub statusundan məhrum olub.
Komanda.az Belçika mətbuatına istinadən xəbər verir ki, klub növbəti mövsüm üçün lisenziyalaşdırma prosedurundan keçə bilməyib.
Çünki Lyej təmsilçisinin fevral ayına olan məlumata görə, 8 futbolçusuna 1 milyon avrodan çox borcu var. Üstəlik, klub 2019-cu ili ciddi maliyyə itkisi ilə başa vurub.
Bildirilib ki, “Standard” aprelin 14-nə kimi şikayət etmək hüququna malikdi. Klub peşəkar lisenziyasını bərpa edə bilməsə, növbəti mövsümü Belçikanın üçüncü divizionunda keçirmək məcburiyyətində qalacaq.
“Standard”dan başqa, əsas liqada oynayan “Muskron” və “Ostend” klublarının da peşəkar lisenziya ala bilmədiyi vurğulanıb. Bu üzdən onları da eyni aqibət gözləyir.
Qeyd edək ki, “Standard” 1898-ci ildə yaradılıb. Klub tarixi ərzində 10 dəfə Belçika çempionu, 6 dəfə Belçika kubokunun sahibi olub.
Bizi Facebook-da izləyin