1 nəfər molla, 3 manat pul, 1 kəllə qənd – Sponsorlar PFL-lə “nikah”dan niyə qaçır?
Peşəkar Futbol Liqası (PFL) Azərbaycan Premyer Liqasına sponsor tapmaq üçün bir müddət əvvəl tender elan etmişdi. Tenderin vaxtı sentyabrın 6-da başa çatsa da, sponsordan xəbər-ətər yoxdur. Bu isə o deməkdir ki, Premyer Liqanın cari mövsümü böyük ehtimalla sponsorsuz keçəcək.
Məsələ ilə bağlı PFL-in mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyevlə danışdıq. Qurum rəsmisinin Komanda.az-a dediyinə görə, tender başa çatsa da, hansısa şirkətlə danışıqlarda uğurlu nəticə əldə olunsa, müqavilə bağlanacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək:
“Bəli, qeyd etdiyiniz kimi, artıq sponsorluqla bağlı elan etdiyimiz tenderin vaxtı bitib. Premyer Liqaya sponsor olacaq şirkət üzərinə maddi və digər öhdəliklər götürür. Bütün detalları tam müzakirə etdikdən sonra hər hansı anlaşmamız olarsa, bu barədə ictimaiyyətə açıqlama veriləcək və müqavilə imzalanacaq. Sponsorluqla bağlı ortaq məxrəcə gələ biməsək, danışıqlar bizi qane etməsə, bir neçə il əvvəl olduğu kimi çempionata sponsorsuz davam edəcəyik”.
Bəs Premyer Liqaya sponsor tapmaq niyə belə müşkülə çevrilib? Şahgəldiyev deyir ki, sponsor olacaq şirkətlə bütün detallarda razılığa gəlmək vacibdir:
“Danışıq apardığımız bir neçə şirkət var. Bunların sırasında yerli və xarici şirkətlər var. Bir daha vurğulayıram ki, bütün detallarda razılığa gələcəyimiz təqdirdə, müqavilə imzalaya bilərik. Bizim və sponsor olacaq şirkətin qoyduğu şərtlər hər iki tərəfi qane etməlidir”.
Azərbaycan Premyer Liqasının son mövsümlərində sponsor “Topaz” olub. Amma yeni mövsüm başlamamışdan əvvəl “Topaz”ın Premyer Liqa ilə əməkdaşlığa davam etməyəcəyi açıqlandı.
Bizi Facebook-da izləyin