AÇ-2020-nin final mərhələsinin püşkatmasının keçiriləcəyi tarix və məkan məlum oldu
2020-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinin püşkatma mərasiminin vaxtı və məkanı bəlli olub.
Komanda.az UEFA-nın saytına istinadən xəbər verir ki, püşkatma bu il noyabrın 30-da, Rumıniyanın paytaxtı Buxarestdəki “National Arena”da təşkil olunacaq.
Xatırladaq ki, Avropa çempionatının 60 illik yubileyi ilə əlaqədar turnir 2020-ci ildə qitənin 12 şəhərində keçiriləcək. Avro-2020-nin qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq.
Təşkilatçı ölkələrin heç birinin milli komandası final mərhələsinə birbaşa vəsiqə qazanmaq müstəsnalığına malik deyil və UEFA üzvü olan bütün milli assosiasiyaların komandaları seçmə mərhələdə mübarizə aparacaq.
Bundan əlavə, UEFA Millətlər Liqası vasitəsilə də Avro-2020-nin final mərhələsinə vəsiqə qazanmaq mümkündür.
Avro-2020-nin seçmə mərhələsinin püşkü 2018-ci il dekabrın 2-də İrlandiyanın Dublin şəhərindəki Konvensiya Mərkəzində atılıb. Püşkün nəticəsinə əsasən, Azərbaycan millisi E qrupunda Xorvatiya, Uels, Slovakiya və Macarıstan komandaları ilə mübarizə aparacaq. Millimiz seçmə mərhələdə ilk oyununu martın 21-də Zaqreb şəhərində Xorvatiya komandasına qarşı keçirəcək.
Bizi Facebook-da izləyin