“Əsas səhvlərim uşaq futbolundan gələn çatışmazlıqlarla bağlıdır”
Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi məşqlərini gündə 2 dəfə olmaqla davam etdirir.
Komanda.az xəbər verir ki, əsasən fiziki planda məşq keçən millinin üzvlərindən qapıçı Sadiq Əlizadə federasiyanın rəsmi saytına açıqlama verib:
“Məşqlərin ilk günləri daha çətin keçirdi. Çünki hər gün fiziki yükləmələr verilirdi. Ona görə də yükləmələrə dözmək çətinlik yaradırdı. Amma tədricən buna öyrəşdik. Həm də gördük ki, fiziki baxımdan artırmağa ehtiyac var. Çempionat oyunları zamanı da bu özünü göstərirdi. Üstəlik, Avropa çempionatının əsas mərhələsinin oyunları zamanı da fiziki hazırlıq ön planda olacaq. Çünki qrupumuzda yer alan rəqiblərdən Fransa və Bosniya və Herseqovina bu göstəricidə seçilirlər”.
Qolkiper məşqçilərin iradlarından da nəticə çıxarmağa çalışdığını bildirib: “Cordan Da Silva həm fiziki hazırlıq üzrə, həm də qapıçılarla işləyən məşqçidir. Ona qədər Ağakərim Həsənov da məşqlərdə etdiyim səhvləri deyirdi, onu düzəltməyə çalışırdıq. Əsas səhvlərim uşaq futbolundan gələn çatışmazlıqlarla bağlıdır. Bir də vaxtından əvvəl yıxılmamağımı, adi bədən hərəkətinə aldanmamağımı tapşırırlar. Əlbəttə, bu cür məşqlər və təcrübə sayəsində səhvlərimi tədricən azaldacam”.
Bizi Facebook-da izləyin