“Əsas planlarımızdan biri minifutbol üzrə dünya və Avropa çempionatını Azərbaycanda keçirməkdir” – Orxan Məmmədov
Azərbaycan Minifutbol Federasiyasının fəxri prezidenti Orxan Məmmədov Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş beynəlxalq minifutbol turnirinin püşkatma mərasimində çıxış edib.
Komanda.az xəbər verir ki, Məmmədov əsas planlarından birinin minifutbol üzrə dünya və Avropa çempionatını Azərbaycanda keçirmək olduğunu bildirib:
“Əsas planlarımızdan biri minifutbol üzrə dünya və Avropa çempionatını Azərbaycanda keçirməkdir. İnanırıq ki, ölkəmizin beynəlxalq idman yarışları keçirmək təcrübəsini və turizm potensialını nəzərə alan təşkilatçılar bu istəyimizi müsbət qarşılayacaq, mötəbər turnirlərə ev sahibliyi hüququnu bizə verəcəklər”.
2023-cü ilin Prezident İlham Əliyev tərəfindən “Heydər Əliyev İli” elan olunduğunu xatırladan “Zirə” klubunun fəxri prezidenti, bununla bağlı müxtəlif tədbirlər və konfranslar keçirildiyini deyib:
“Minifutbol Federasiyası da bu münasibətlə beynəlxalq turnir keçirmək qərarına gəlib. Bu barədə bir sıra federasiyalarla danışıqlar apardıq və yekunda buna nail olduq. Yoldaşlıq turniri olsa da, bunun məqsəd və önəmini nəzərə alaraq, oyunçularımızdan qələbə gözləyirik. Həmçinin, bu turnir gələcəkdəki beynəlxalq yarışlar üçün hazırlıq xarakteri daşıyacaq”.
Bizi Facebook-da izləyin