Ən çox qol vuran oyunçu – Qurbanlı!
“Qarabağ” Azərbaycan Premyer Liqasının 27-ci turunda “Sumqayıt”ı məğlub edib (6:0).
Komanda.az xəbər verir ki, həmin matç “köhlən atlar”ın hücumçusu Musa Qurbanlı üçün əlamətdar olub. O, cari mövsümdə vurduğu qolların sayını 20-yə çatdırıb. Bununla da, o, bir rekordu yeniləyib, digərinə şərik çıxıb.
Musa Premyer Liqanın PFL-in bayrağı altında keçirilməyə başladığı 2008-ci ildən sonra bir mövsümdə ən çox qol vuran azərbaycanlı futbolçu olub. O, 2020/21 mövsümündə 19 qol vuran Namik Ələskərovu qabaqlayıb.
Yerli statusa malik futbolçunun ən azı 20 qol vurması sonuncu dəfə 2006/07 mövsümündə müşahidə olunub. Həmin vaxt “Xəzər Lənkəran”ın hücumçusu Zaur Ramazanov 20 dəfə fərqlənib.
Eyni zamanda, Qurbanlı “Qarabağ”ın tarixində bir mövsümdə ən çox qol vuran azərbaycanlı oyunçu adına şərik çıxıb. O, 2003/04 mövsümündə 20 dəfə fərqlənən Samir Musayevə çatıb. Hücumçunu klub tarixinin mütləq rekordçusu Reynaldodan 2 top ayırır.
Bizi Facebook-da izləyin