Əliyevli “Ufa” “Yanq Boyz” üzərində qələbəyə sevindi
Rusiyanın “Ufa” klubu Kiprin Larnaka şəhərində təşkil olunan təlim-məşq toplanışını başa vurub.
Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi sözügedən klub toplanışın son günündə iki yoxlama oyununa çıxıb.
Rusiya Premyer Liqasının təmsilçisi öncə İsveçrənin “Yanq Boyz” klubunun gənclərdən ibarət komandası ilə üz-üzə gəlib. 2:1 hesabıyla qalib gələn “Ufa”nın start heyətində yer alan Azər sonadək mübarizə aparıb.
Əliyevin komandası hazırlıq prosesini Bolqarıstanın “Levski” klubuna qarşı sınaq matçıyla başa vurub. Azərin forma geyinmədiyi bu görüşdə qapılara qol vurulmayıb – 0:0.
Bir neçə günlük istirahətə buraxılan “Ufa”, Premyer Liqanın ikinci dövrəsinin startı ərəfəsində son hazırlıq prosesini İspaniyada həyata keçirəcək.
Bizi Facebook-da izləyin