“Əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq” – Regekampf
“Neftçi”nin baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan kubokunun “Qəbələ” ilə keçiriləcək final matçından öncə baş tutan mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, o, “qırmızı-qaralar”la keçiriləcək oyunla bağlı gözləntilərini bölüşüb:
“Hər kəsi salamlayıram. Final oyunudur. Çətin matç olacaq. Hər iki komanda kuboku qazanmaq üçün motivasiyalıdır. Təkcə “Qəbələ” haqda yaxşı danışmaq istəmirəm. Onlara hörmətlə yanaşmalıyıq. Finala qədər qət etdikləri yola baxmalıyıq. Çox yaxşı komandaları məğlub ediblər. Döyüş ruhu çox olan matça hazır olmalıyıq. Qələbə qazanmaq üçün hər şey edəcəyik. Məncə, oyuna hazırıq. Əlimizdən gələni edəcəyik ki, çempion olaq. Şanslar bərabərdir.
Penaltilər seriyasına da hazırıq, 120 dəqiqə oyuna da. Bunu diqqətdə saxlamalıyıq. Hər şey mümkündür. Sona qədər döyüşəcəyik.
Mən çalışacağam ki, suallara nəzakətlə cavab verim. Bu cür oyunlarda baş məşqçilərin təcrübələrini müqayisə etmək olmaz. Avropa Liqasının “Sevilya” – “Roma” matçında məşqçilərə nəzər yetirsək, kubok Joze Mourinyoya verilməliydi. Amma əksinə oldu. Bu, final matçıdır. Yenə deyirəm: şanslar bərabərdir. Əlimizdən gələni edəcəyik ki, qələbə qazanaq. Biz bilirik ki, hansı klubu təmsil edirik. Sabah klubumuz adına döyüşməli və qaçmalıyıq. “Neftçi” adı böyükdür. Hər bir oyunçu meydançaya daxil olanda harada olduğunu dərk edir. Final oyununda fərqli hislər olur. Hər iki komanda ən yaxşı nəticə üçün çalışacaq. Mən çox sevinirəm ki, buraya qədər gəlib çıxmışıq. Bununla qürurlanmalıyıq. Həm özümüz, həm də komanda üçün uğur qazanmış sayılırıq.
Hər gün eyni inamla çalışıram. Komanda üçün nə etməli olduğumu bilirəm. Elə səviyyəmə də bələdəm. İşə qorxu ilə yanaşmıram. Peşəkar məşqçiyəm. Müqaviləyə imza atanda riskləri bilirdim. Hirslə iş görə bilmərəm. Əldə etdiklərimə görə xoşbəxt və məmnunam. Mourinyonun məşqçi kimi nə qədər titul qazandığını bilirsiniz? Gəlin, mən deyim. O, dünya üzrə ilk dördlükdə yer alır. Hazırda ən yaxşı məşqçilərdəndir. Biz məşqçi olaraq əlimizdən gələnin ən yaxşısını etməyə çalışırıq. Aktyorlar oyunçulardır. Onların hisləri var, insandırlar, səhvlər edə bilərlər. Robotlarla çalışmırıq”.
Ölkə kubokunun həlledici qarşılaşması iyunun 3-də, “Bakcell Arena”da baş tutacaq.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin