“Ədalətli nəticə heç-heçə idi” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 31-cu turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu (2:2) şərh edib.
Komanda.az xəbər verir ki, o, oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Öncəliklə xalqımızı bayram münasibətilə təbrik edirəm!
Çox həyəcanlı, maraqlı matçın şahidi olduq. Səfərdə 0:2 hesabıyla geriyə düşmüşdük. Üstünlük onların tərəfində idi. Sonra hesabı bərabərləşdirdik. Əvəzetmələrdən sonra pressinq etməyə başladıq. Təəssüf ki, qol epizodlarından yararlana bilmədik. Futbolçularıma təşəkkür edirəm. Hesabda geri düşməyimizə baxmayaraq, sonra tarazlıq yarada bildik.
Səfərdə “Qarabağ”a qarşı oynamaq çətindir. Düşünürəm ki, ədalətli nəticə heç-heçə idi. Futbolçularım meydançada bacarıqlarını göstərdilər. Fərqli nəticə də görə bilərdik. Şükürlər olsun ki, bir xal qazandıq. Naşükürlük etmirik. Bəlkə də, “Qarabağ”la görüşlərdən öncə ən çox yada saldığım oyun 7:1-lə nəticələnən görüşdür. Həmin oyunu futbolçularıma tez-tez xatırladıram. Ardını da gətirə bilərdik.
Ötən dəfə də demişdim ki, avrokuboklara getməyin asan yolu ilk üçlüyə düşməkdir. Bunu bacarmadıqdan sonra digər məsələlər sual altındadır. Kuboku kimin qazanması sual altındadır. Buraxdığımız səhvlər, istifadə edə bilmədiyimiz epizodlar bizi geri saldı. Hazırda 4-cü yerdə “Qəbələ”dir. Ümid edirəm ki, “Neftçi” ölkə kubokunu qazanacaq.
Biz məşqlərdə, oyunlarda futbolçuların oyun tərzinə baxırıq. Əsas heyətdə yer almaq sırf rəqabətlə bağlıdır”.
Rövşən Əlisoy
Bizi Facebook-da izləyin