“Ən yaxşı oyunlarımızdan birini keçirdik” – Rəşad Sadıqov
“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 21-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib.
Komanda.az xəbər verir ki, o, 1:1 hesabıyla başa çatan matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Qələbə də qazana bilərdik. Amma alınmadı. Qol epizodlarımız olsa da, yararlana bilmədik. Komanda bu gün möhtəşəm idi. Ən yaxşı oyunlarımızdan birini keçirdik. Komandanın oyunundan razı qaldım. Sonadək mübarizə apardıq. Bu gün rəqibimiz ötən ilin çempionu idi. Səfərdə onlara qarşı bu cür futbol oynamaq ürək və bacarıq tələb edir. Futbolçular bu gün onu meydanda göstərdilər.
60-cı dəqiqəyədək üstün oyun sərgilədik. Qol epizodlarımız var idi. Topa nəzarət də bizdə idi. Sürətli hücumlarımız alınırdı. Azlıqda qaldıq və sistemi dəyişdik. Bu vaxtda da futbolçular ağıllı, intizamlı və özlərinə əmin oyun sərgiləyirdilər. Belə məqamda gözəl qol vurduq və qələbəyə yaxın idik. Lakin sonda qapımıza penalti təyin edildi və iki xal itirdik. Oyundan əvvəl heç-heçə bizi qane edərdi. Matçın gedişatı elə oldu ki, məyus olan tərəf biz olduq. Təbii ki, son dəqiqələrdə buraxılan qol məyus edir. Bizi daha vacib qarşılaşmalar gözləyir. Bu gün komandamın oynadığı futboldan həzz aldım. Göstərdikləri oyuna görə onları təbrik edirəm.
“Qəbələ” də xal itirmişdi. Bu gün qələbə qazansaydıq böyük üstünlük olacaqdı. Amma biz də xal itirdik. “Sabah” da yaxşı komandadır. Sonadək mübarizə aparacaqlarının fərqində idik. Qələbə sayəsində təhlükəli zonadan uzaqlaşmaq istəyirdik. Amma alınmadı. Öz aramızda da oyunlarımız olacaq. Yarışın içindəyik, hər cür oyun var və buna hazır olmaq lazımdır”.
Baş məşqçi, Davit Volkovun birinci hissədə topu əllə önünə almasına da münasibət bildirib:
“Həmin epizod mənə də şübhəli gəldi. Açıq-aşkar əli topu önünə atıbsa, qol qeydə alınsaydı, soruşardıq. Həqiqətən elə idisə, baş hakimə bildirmək olardı. Mən belə qolların tərəfdarı deyiləm. Belə qolla qələbə qazanmaq istəmirik. Qol olsaydı, bildirəcəkdik”.
Mütəxəssis Coşqun Diniyevin qırmızı vərəqə almasından sonra tribunanı alqışlamasından da söz açıb:
“Mesajımın kimə olduğunu bildirmək və ad çəkmək istəmirəm. Hakimə edəndə sarı vərəqə alırsan. Ona görə tribunaya etiraz edirsən. Bilmirsən oyunlarından əvvəl rəqibi, yoxsa başqa şeyi fikirləşəsən. 50-ci dəqiqədən sonra Coşqun Diniyevi əvəzləmək istəyirdim. Köməkçi ilə danışırdıq ki, onu çıxaraq. Daha çox qorxurdum ki, vərəqə verilə bilər. “Qəbələ” ilə oyunda 65-ci dəqiqədə həmin epizod sarı vərəqəlik idi, yoxsa bu epizod? Hər dəfə danışırıq. Belə olduqda öz işindən həzz almağa başlayırsan. Bu da bizim üçün vacibdir. Hamı bilir ki, futbolu tək pul üçün oynamamışam. Ondan önəmli işlər olub. Komandamın oyunundan zövq alıramsa, uduzsaydıq da zövqlə gedərdim. Oyundan qabaq futbolçularla hakimlik haqqında danışmaqdan yorulmuşam. Yəni, hansı epizodda necə davranmaq lazımdr. Nə edək? Düşdüyümüz vəziyyət budur. Buna uyğun da davranmalıyıq. Mübarizəmizi aparacağıq.
Penalti epizoduna gəlincə, qaydaları kənara qoyub, daha çox belə sual vermək istəyirəm. Bu epizod rəqib qapısı tərəfdə olsaydı, penalti təyin olunacaqdı? Əminəm ki, əks qapıda olsaydı, verilməyəcəkdi. Orada olsaydı, əsaslandıracaqdılar ki, penalti yoxdur, bizim qapımızda varsa, əsaslandırlacaqlar ki, buna görə penaltidir. Amma, artıq təəccüblənmirəm, işimizi görürük”.
Bizi Facebook-da izləyin