Əmirin damarlarında israilli qanı axır, bəs sizin?
Aygül Qarayeva
Bu gün Azərbaycan futbolunun həqiqətlərini gün üzünə çıxaran daha bir xəbərlə tanış olduq. AFFA keçən mövsümü “Sumqayıt”da keçirən israilli futbolçu Əmir Ağayevi milliləşdirmək istəyir. Yarımmüdafiəçini UEFA Millətlər Liqasının oyunları üçün dəvət edən federasiya bununla bağlı FİFA-ya da müraciət edib. Azərbaycanda milliləşdirilən futbolçuların siyahısını tutmaq çətin olar, amma milliləşdirilən və yığmaya oyunu ilə fayda verən oyunçular haqda danışmaq çox vaxt aparmaz. Bu baxımdan neçə futbolçunun adını saya bilərik – 1, 2, ya 3?
Futbolçuların milliləşdirilməsi praktikasından dünya futbolunda da istifadə edilir və bu, kifayət qədər normaldır. Anormal olan futbolçu yetişdirməyə cəhd etməyən, uşaq futbolunu ağlar günə qoyan, milli komandanı bazara çevirən AFFA-nın tez-tez bu yola əl atmasıdır. Eddi İsrafilov Azərbaycan millisinə hansı faydanı verdi? Bəs Cihan Özkara? Bəs Əli Gökdəmir? Bəs Riçard Almeyda? Yaxşı, bəs Dəniz Yılmaz? Elə Əmir Ağayevin yerlisi olan Əli Babayev niyə milliləşdirildi? Əmir Ağayev səviyyəsində Azərbaycanda “n” qədər futbolçu tapmaq olar. Bəli, sadəcə olar. Nə o futbolçuları tapmağa cəhd edən var, nə də onları Ağayevdən daha yüksək səviyyəyə çatdırmağa.
28 yaşlı Əmir Ağayevi böyük ehtimalla, tezliklə millinin formasında görəcəyik. Milli komanda bütün dünya, bütün ölkələr üçün klubdan daha üstün, şərəfin, ləyaqətin əsas ünsür olduğu səviyyədir. Bəs keçən il bir müsahibəsində “mənim damarlarımda İsrail qanı axır, mən gerçək israilliyəm” deyən futbolçu Azərbaycan millisində nə üçün, necə oynayacaq?
Başqa ölkələr üçün vətən, ölkə, milli komanda anlayışları bir-birinə çox bağlıdır. Azərbaycan üçün isə… Ən yaxşısı, “milli komanda” birləşməsindən “milli” sözünü çıxarmaqdır. Bəlkə, o zaman bu komandaya hansı əcnəbinin gəlməsi, kimin nə üçün oynaması bizi bu qədər ağrıtmaz.
Bizi Facebook-da izləyin