Əliyevin qolu “SKA-Xabarovsk”u məğlubiyyətdən xilas etmədi
Futbol üzrə Rusiya Milli Futbol Liqasında (Premyer Liqadan sonrakı ən güclü liqa) 25-ci turun oyunları keçirilib.
Komanda.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Yenisey”lə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3.
Kamran da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Xabarovskluların yeganə qolunu da azərbaycanlı hücumçu vurub. Əliyev 90-cı dəqiqədə rəqib qapısına yol tapıb.
Xabarovsk təmsilçisi Kamranı “Ximki”dən bu mövsümün sonuna kimi icarəyə götürüb.
“SKA-Xabarovsk”da vaxtilə Azərbaycanın aşağı yaş qrupları üzrə yığmalarında oynamış David Qarayev də forma geyinir. Yekaterinburq “Ural”ından icarəyə götürülmüş futbolçu bu görüşdə də oynayıb. O, 46-cı dəqiqədə meydana buraxılıb.
“SKA-Xabarovsk” 25 turdan sonra 41 xalla 20 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.
Bizi Facebook-da izləyin