“Zirə”nin 8-ci səfəri

“Zirə” bu gün Türkiyəyə yola düşəcək. 

Komanda.az xəbər verir ki, “qartallar” mövsümün ikinci yarısına hazırlıq məqsədiylə qonşu ölkədə təlim-məşq toplanışı keçirəcək.

Premyer Liqada oynamaq hüququ qazandığı 2015-ci ilin yayından sonra “Zirə” hər fasilə dövründə ölkə xaricində hazırlaşır. Bu müddətdə “Zirə” hər mövsümün əvvəlində və qış fasiləsində Türkiyədə toplanış keçirib. Həmin vaxtdan 7 dəfə qonşu ölkəyə yollanan komanda 8-ci dəfə burda hazırlıq prosesinə başlayacaq. Əvvəlki toplanışlardan dördü mövsümlərarası dövrdə, üçü ilk yarıdan sonra gerçəkləşib.

Yeddi toplanış çərçivəsində 19 yoxlama matçı baş tutub. Bunlardan birində “İnter”lə (indiki “Keşlə”) üz-üzə gələn “qartallar”, 18 beynəlxalq yoxlama oyununda qüvvəsini sınayıb. “Zirə” xarici klublarla duellərdə 7 qələbə qazanıb, 4 heç-heçə edib. Hesabında 23 qol olan komanda 18 top buraxıb. Maraqlıdır ki, qış fasiləsindəki 3 toplanış çərçivəsində baş tutan 7 beynəlxalq yoxlama oyununda heç-heçə qeydə alınmayıb. “Zirə”nin aktivində 3 qələbə var. Top fərqi isə 6:10-dur.

Türkiyədə keçirilən hazırlıq xarakterli qarşılaşmalarda “Zirə” yerli komandalar, həmçinin, Gürcüstan, Qazaxıstan, Rumıniya, Almaniya, Qırğızıstan, Bolqarıstan, Kamerun, Rusiya, İran və Qətər təmsilçiləri ilə üz-üzə gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button