“Zirə” – “Neftçi”: 17-ci sınaq

“Zirə” Azərbaycan Premyer Liqasının 2-ci turunda “Neftçi” ilə görüşəcək.

Komanda.az klubun “facebook” səhifəsinə istinadən xəbər verir ki, bu, “qartallar”ın cari mövsümdə ilk ev oyunu olacaq. “Zirə” ölkənin ən titullu klubu ilə 17-ci dəfə qarşılaşacaq. İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn rəqiblər arxada qalan 4 çempionatın hərəsində dörd dəfə münasibətlərini aydınlaşdırıblar.

“Zirə” əvvəlki çempionat matçlarında üstünlüyə malikdir. Oyunların yarısında – 8 dəfə qalib gələn “qartallar” 5 heç-heçə edib və üç dəfə meydandan xalsız ayrılıb. Top fərqində də öndə olan “Zirə” texniki nəticə nəzərə alınmamaqla 20 qol vurub, 15-ni buraxıb. “Neftçi”nin qapısına ən çox qol vuran futbolçu Luis Alberto Diezdir. O, 3 dəfə fərqlənməyə müvəffəq olub. Nelson Bonilla, Riçard Qadze, Vüsal İsgəndərli və Mfo Kqasvane 2 dəfə rəqib qapısına yol tapıb. Ümumilikdə 13 oyunçu bu matçlarda qol sevinci yaşayıb. Bir top isə rəqib avtoqolu sayəsində gerçəkləşib.

İndiyədək 8 dəfə evdə “Neftçi” ilə üz-üzə gələn “Zirə” 5 qələbə qazanıb, 1 heç-heçə edib və 2 matçdan xalsız ayrılıb. Doğma divarlar arasında 9 qol vuran “Zirə”lilər 5 top buraxıblar.

“Zirə” – “Neftçi” oyunu avqustun 26-da, Zirə İdman Kompleksinin stadionunda keçiriləcək. Matç saat 19:00-da başlayacaq.