Zidan “Real”ı tərk etməsinin səbəbini açıqladı

Yenidən “Real”ın baş məşqçisi təyin olunan Zinəddin Zidan açıqlama verib.

Komanda.az xəbər verir ki, fransız mütəxəssis, “kral klubu”nu tərk etməsinin səbəbini də açıqlayıb:

“Evə qayıtdığım üçün çox şadam. Düşünürəm ki, daha sonra çox suallar verəcəksiz. İndi isə qayıtmağıma şad olmağımdan başqa nəsə demək istəmirəm. 

Bu komanda ilə 2,5 il ərzində bütün titulları qazandığım üçün dəyişikliyə ehtiyac var idi və buna görə getməli oldum. İndi isə qayıdıram, çünki prezident çağırır. Əsas məsələ isə budur ki, 9 ay sonra yenidən işləmək üçün həvəs yaranıb. Hər şey qarşıdakı bir neçə ildə dəyişməlidir. Amma indi əsas iş bu deyil. Mövsümün sonuna qədər 11 oyun qalıb və biz uğurlu yekun istəyirik.

9 ay boyunca bu barədə heç bir müsahibə verməmişdim, indi isə deyirəm, məni klub prezidenti özü dəvət etdi, ona “yox” deyə bilməzdim. Çünki bu klubu və onun prezidentini sevirəm. Bu müddətdə yaxşı enerji yığmışam, öz işlərimlə məşğul olmuşam, indi isə işləməyə hazıram. Bu 9 ayda fikirlərim çox dəyişib”.

Zidan, yayda “Real”ı “Yuventus”a dəyişmiş Kriştiano Ronaldo ilə bağlı suala isə belə cavab verib:

“Biz bu gün onun haqda danışmamalıyıq. Bizi çempionatda 11 oyun gözləyir və ona köklənməliyik. Ronaldo bu klubun tarixinə düşüb və bunu heç kim dəyişə bilməz. O, klubun ən yaxşı oyunçularından biri olub, ancaq bu gün onun haqda danışmağın zamanı deyil”.

Zidan “Real”la 2022-ci ilə kimi nəzərdə tutulan müqavilə imzalayıb.