“Yuventus” rəhbərliyi daha nəzakətli olmalıdır” – Konte

Futbol üzrə İtaliya kubokunun yarımfinal mərhələsinin cavab oyununda “Yuventus”la 0:0 hesablı bərabərliyə razılaşan “İnter”in baş məşqçisi Antonio Konte açıqlama verib.

Komanda.az xəbər verir ki, iki görüşün nəticəsinə görə mübarizəni dayandıran “neradzurra”nın çalışdırıcısı, oyun və “Yuventus” rəhbərliyi ilə yaşadığı qalmaqal barədə danışıb:

“Əlimizə düşən fürsətləri dəyərləndirməli idik. Çətin oyun oldu, əla futbolçuları olan komandaya qarşı oynadıq. İki oyunun sonunda sona qədər mübarizə aparan iki komanda gördük. Etdiyimiz səhvlərdən dərs almalı və çalışmalıyıq.

“Yuventus” doğrunu deməlidir. Dördüncü hakim oyun ərzində olanları gördü. “Yuventus” rəhbərliyi daha nəzakətli olmalıdır. Futbolda çalışanlara hörmət etmək lazımdır”.

Oyunda Konte ilə “Yuventus”un prezidenti Andrea Anyelli bir-birini təhqir edib.

İlk oyunda 2:1 hesabı ilə qalib gələn “Yuventus” növbəti mərhələyə vəsiqə qazanıb.