Nikola Yurçeviç: “Utancverici məğlubiyyətdi”

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviç AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Slovakiya yığmasına qarşı keçirilmiş oyunu şərh edib.

Komanda.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 1:5 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

  • Bu hesabdan sonra nəsə demək çətindi. İlk növbədə Slovakiya millisini təbrik edirəm. Oyuna yaxşı başladıq, bəzi epizodlarda topa sahib olduq. Rəqib ilk hücumda qol vurdu. Şanslarımız oldu, hesabı 2:3 edə bilərdik. Çox pis nəticə əldə etdik. Slovakiyanın yüksək səviyyəli futbolçuları var. Lobotkanın transfer dəyəri 25 milyon avrodu. Bizim komandadakı futbolçuların ümumi dəyəri ondan aşağıdı.
  • Baş məşqçi olaraq əvəzetmələrin gecikdiyini düşünmürsüzmü?
  • 1:5 hesabından sonra hər şeyi müzakirə edə bilərik. Böyük məğlubiyyətdi. 55-60-cı dəqiqələrdən sonra əvəzetmələr etməyi düşünürdüm.
  • Bu gün millinin heyətində təkcə Ramil Şeydayev mübarizə aparırdı. Məğlub komandada yalnız bir futbolçu sarı vərəqə alırsa, hansı mübarizədən söhbət gedə bilər?
  • Düşünmürəm ki, tək mübarizə aparan Ramil idi. Ancaq 60-cı dəqiqədən sonra komanda fiziki və psixoloji cəhətdən “düşmüşdü”.
  • 5-ci qolda hansı hissləri keçirdiz və azarkeşlərdən üzr istəmək kimi bir fikriniz varmı?
  • Əlbəttə, mənim üçün böyük şok oldu. Həm mənim, həm də komanda üçün. Bu məğlubiyyətə görə azarkeşlərdən üzr istəməliyik.
  • “Slovakiyada bir futbolçunun qiyməti 25 milyondu” deyirsiz. Bir neçə gün əvvəl Türkiyə millisi Fransanı məğlub etdi. Tək Kilian Mbappenin qiyməti Türkiyə milli komandasının dəyərindən çoxdu. Ancaq türklər qələbə qazandı. Meydanda dollar və ya avro futbol oynamır. Sonuncu dəfə Azərbaycan millisi öz meydanında Serbiyaya 1:6 hesabıyla məğlub olub. Bu gün meydanda futbol yox idi. 1:5 hesabına görə xəcalət çəkirsizmi?
  • Utancverici məğlubiyyətdi. Slovakiyanın futbolçuları aparıcı klublarda çıxış edir. Millətlər Liqasında Azərbaycan millisi Qurban Qurbanov kimi böyük bir baş məşqçiylə Malta, Kosovo, Farer adaları kimi komandalara qarşı çətinlik çəkmişdi. Bizim qrupumuz çətindi və çalışmalıyıq ki, yaxşı mübarizə aparaq.
  • Bu oyunu bir baş məşqçi yox, azarkeş kimi dəyərləndirərdiz…
  • Əvvəldə dedim. Mənim üçün böyük şok oldu. Bu məğlubiyyətdən sonra insan pis hisslər keçirir. Futbolda böyük rəqiblərə qarşı oynamaq çətindi. Futbol situasiyaların oyunudu. Bir dəfə sağa və ya sola verilmiş qərar, çox şeyi dəyişir. Hesab 2:3 olsaydı, bəlkə başqa olardı.
  • Xorvatiyaya 1:2, Macarıstana 1:3, bu oyunu 1:4 gözləsəm də, 1:5 oldu. Növbəti oyunda hesab 1:6 olarmı?
  • Daha yaxşı olacağımıza və belə böyük hesabla uduzmayacağımıza inanıram.
  • 3 oyuna 10 qol buraxan milli komandanın düzəlmək üçün nə qədər vaxta ehtiyacı var?
  • Bu məğlubiyyətdən sonra bu suala cavab vermək çətindi. Ancaq inanıram ki, komanda daha yaxşı çıxış edə bilər.

Şahin Cəfərov

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button