“İsgəndər Cavadov özünü çox yekə aparır, heç Maradona və Pele onun kimi etmir” – Müsahibə

Azərbaycanda “İnter”, “Simurq”, “Bərdə”, Belarusda MTZ-RİPO, “Darida”, “Smorqon” kimi klublarda çıxış edən, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin də formasını geyinən Elmar Xeyirov futbolçu karyerasını çox tez – 25 yaşında bitirdi. Futbol oynadığı dövrdə mətbuatda onunla bağlı xəbərlərə tez-tez rast gəlmək olardı. İndi isə “kölgədə qalmasının” əsas səbəbi vətəndən çox uzaqda – Amerikada yaşamasıdır. Xeyirov Komanda.az-a müsahibəsində həm ABŞ-dakı həyatından, həm də Azərbaycan futbolu ilə bağlı danışdı:

  • Hazırda nə işlə məşğulsuz?
  • Vaşinqtonda yaşayıram, futbolla məşğul oluram. Çalışıram ki, bu sahədən uzaqlaşmayım. Uşaqlarla məşqçi kimi işləyirəm. Öz ölkəmizdə bizə yer tapılmadı, gəlib buralara baş vurduq.
  • Nə üçün Azərbaycanda çalışmırsız?
  • Özümü demirəm, Kamal Quliyev, Samir Əliyev kimi adamlara heç Azərbaycanda məşqçi kimi iş tapılmır. Bunlar hamısı Elxan Məmmədovun və Rövnəq Abdullayevin futboldakı siyasətidir.
  • Karyeranızı erkən bitirməyinizə səbəb nə idi?
  • AFFA rəhbərliyinin yeritdiyi siyasətin nəticəsində tək mən deyil, nə qədər futbolçu karyerasını erkən bitirib. Futbola ilk başlayanda “Xəzər universiteti”ndə oynadım, sonra “İnter”də, “Simurq”da da oynadım. Daha sonra Belarusda legioner həyatı yaşadım. Azərbaycanda həmişə sözün düzünü dediyim üçün heç bir klub mənə yaxın durmurdu. Ola bilsin ki, bunu da “yuxarı”dan tapşırmışdılar. Çünki mən həmişə demişəm, Abdullayev futbol adamı deyil. Bunu Belarusda futbol oynayan zaman da deyirdim. Gedib neft qaza bilər, ancaq futbol onluq deyil. Elxan Məmmədov da həmçinin. Bugünkü gündə Kazbek Tuayev federasiya prezidenti olsaydı, bu başqa məsələ. Çünki futbolun başında futbol oynayan adam durmalıdır. Onların qurduğu siyasətin nəticəsi oldu ki, biz futbolu qurtardıq, bizə yer tapılmadı. Başladılar həm klublara, həm də milliyə yersiz-yersiz legioner gətirməyə. Yığmada nəyə lazım idi bu legionerlər? Nə verdilər Azərbaycan futboluna? Ladaqa, Fabio Luis Ramim… Bilirsiz nə qədər yersiz legioner oynayıb Azərbaycan millisində? Futbolumuz irəli getməkdənsə, daha da geri getdi. Azərbaycanlılar qaldı millidən qıraqda, legionerlər oynadı. İndi onlar heç bilinmir hardadırlar. Mən Belarusdan qayıtdıqdan sonra heç burdakı klublarda məşq etməyimə icazə vermirdilər. Bilmirəm kimin tapşırığı idi. Klublara müraciət edib 1-2 həftə məşq edib, formada qalmaq istəyirdim. Ancaq tanış məşqçilər belə, icazə vermirdilər, deyirdilər bizlik deyil. Amma bilirdim ki, bu kiminsə tapşırığı idi. Heç yadımdan çıxmaz, Belarusda olarkən “Dinamo”ya (Minsk) qol vurdum, sonrakı oyunda başla məhsuldar ötürmə etdim, Berti Foqtsun vaxtı idi, hiss edirdim ki, məni yığmaya çağırmalıdırlar. Ancaq bizimkilər Belarus futboluna lağ etdi. Agentim o vaxt millidə məşqçi olan Elxan Abdullayevlə telefonla danışdı, ancaq Abdullayev dedi ki, “Belarus futbolu güclü deyil ki, biz ordan oyunçu çağıraq”. Mənə maraqlıdır ki, Belarus futbolu zəifdirsə, niyə Azərbaycan millisi öz meydanında yoldaşlıq görüşündə Belarusa uduzdu? Niyə “Qarabağ” Çempionlar Liqasında BATE-yə uduzdu? Azərbaycan futbolu son illərdə kimi yetişdirib? Barmaqlarını qatlasınlar, desinlər ki, bunu. Baxırsan bizim yığmaya, hamısı da “liliputlar”dır. Onlara bu adı qoymuşam. Burda olan həvəskar komandalar bizim yığmanı əzib keçərlər. Milli qapazaltıdır. Bu da AFFA rəhbərliyinin sayəsində.
  • Azərbaycan futbolunun hazırkı durumu haqda düşüncələriniz nədir?
  • Allah Fuad Musayevlə Ramiz Mirzəyevə rəhmət eləsin. Onlardan sonra daha da batırdılar futbolumuzu. Ramin Musayev də oturub orda. Musayev həbsxanada işləyib, Abdullayev neft çıxarıb, Elxan da heç kim bilmir hardan gəlib. Ancaq məlumdur ki, heç biri futbol adamı deyil. Azərbaycan futbolu çox bərbad durumdadır, qardaş. Bəlkə də, son 20 ilin ən çətin dövrünü keçirir. Futbolçu tapılmır. Bu proses indi başlamayıb, 2004-2005-ci illərdə legioner limiti artırıldıqdan sonra oldu. Hər klubda 15 legioner var idi. Qurban Qurbanov, Samir Əliyev, Kamal Quliyev getdikdən sonra gərək biz cavanlara yer verərdik. Onlar yüksək liqada 90 dəqiqə oynayıb, təcrübə qazanardılar. Ancaq biz neynədik? Başladıq pul düşünməyə, menecerlər məşqçilərlə pul silirdilər. Baş məşqçilərə də o qədər pul gəldi ki, onlar da başlarını itirdilər. Legioner transferlərindən yaxşı pul silirdilər, ancaq yerli futbolçulardan qorxurdular. Yadımdadır, o vaxt “Standard”la müqavilə bağlayanda, rəhmətlik Böyükağa Hacıyev gəldi ki, köməkçisi Babək Alxasovun evində xəstə var, pul lazımdır. Məndən istədi. Sabahısı gün də Alxasov gəldi ki, Hacıyevin ailəsində xəstə var, pul lazımdır. Legioner transferində pul silmək asandır, legioner oynayır, sonra gedir, burda qalmır. Ancaq yerli futbolçular nə vaxtsa bunları ifşa edər deyə, qorxurlar. Futbolumuz ona görə bu gündədir ki, 2004-2005-dən sonra qoymadılar ki, yerli futbolçular oynasın.
  • Azərbaycan Premyer Liqasının oyunlarını izləyirsizmi?
  • Vaxt olduqca izləyirəm. Oyunlara əvvəlki maraq qalmayıb. 2004-2005-ci illərdə 7-8 komanda çempionluğa oynayırdı. Onda rəqabət var idi, ancaq indi yox. Yevlaxda, Gəncədə, Tovuzda futbol yoxdur. Əyalət təmsilçisi demək olar yoxdur, sadəcə Bakı çempionatıdır. Məncə, Farer adalarının çempionatı bizimkindən daha maraqlıdır.
  • Sizcə, azərbaycanlı futbolçular nə üçün ölkə xaricinə yollanmırlar? Xaricə gedənlər də uğursuz olurlar.
  • Bizimkiləri istəyən var ki, getsinlər? Mən neçə ildir futbolun içindəyəm. Bizim oyunçular müqavilələri bitənə yaxın iddialar çıxarırlar ki, məni bu klub istəyir, o klub istəyir. O da ona görə ki, növbəti müqaviləsində yaxşı pul qazansın. Ramil Şeydayev və Emin Mahmudovu çıxıram, onlar bizim yox, Rusiya məktəbinin yetirməsidirlər. Başqa kim Rusiya Premyer Liqasında oynaya bilər? Premyer Liqa bir qırağa, birinci liqasında kim oynaya bilər? Bizim futbolçuların boyu 1,50 sm-dan çox deyil, gedib orda neynəyəcəklər?
  • Bu mövsüm avrokuboklarda mübarizə aparacaq Azərbaycan klublarından nə gözləyirsiz?
  • Açığı, “Neftçi”, “Səbail” və “Qəbələ”dən heç nə gözləmirəm. Bir az “Qarabağ”dır. O da inanmıram Çempionlar Liqasının, ya da Avropa Liqasının qruplarına düşsün. Sadəcə 1-2 tur keçəcəyini düşünürəm. Avropa Liqasının qruplarına qalsalar, böyük şeydir.
  • Azərbaycan millisinin son illərdəki çıxışı ilə bağlı nə düşünürsüz?
  • Milli irəli getməkdənsə, geri addım atır. Elə 5-6 il Berti Foqtsu gətirməklə vaxt itirdilər. Milliyə heç nə vermədi. Uduzan Azərbaycan, qazanan Foqts oldu. Çünki o, bir neçə milyon yığdı və getdi Azərbaycandan. Bunlar hamısı Elxanın oyunları idi. Elxan Məmmədova sərf etmir ki, Azərbaycan millisini azərbaycanlı məşqçi çalışdırsın. Niyə Qurban Qurbanovu göndərdilər? Çünki Elxan Qurbanovla pul silə bilmir. Elxanın işi ancaq puldur. Düşünür ki, xarici məşqçi gətirim, toplanışları Avstriyada, Almaniyada keçirim, otellərlə pul silim. Ona sərf eləmir axı, Qurbanov deyəcək ki, “Elxan, mən toplanışı “Dalğa Arena”da keçirmək istəyirəm”. O da deyəcək ki, “bəs mən necə pul yeyim”? Ona görə, Elxana sərf etmir azərbaycanlı baş məşqçi. Ümumiyyətlə, Elxan Məmmədov heç Azərbaycan futbolunu düşünmür. Mən dərinə getmək istəmirəm, ancaq bilirəm ki, onu bura kimlər gətirib. Riad Rəfiyevi “Sumqayıt” klubuna prezident kimi Elxan Məmmədov gətirib. “Sumqayıt” Elxanın komandasıdır, orda da pul silir. Onun marağında deyil “Sumqayıt”ın avrokuboklara çıxması. Premyer Liqa nə üçün Topaz Premyer Liqasıdır? Çünki istədikləri kimi oynayırlar. İstədiklərini udur, istədiklərinə uduzurlar. Bunlar hamısı Elxanın oyunlarıdır. Bu adamlar getməyənə qədər, Azərbaycan millisi uğur qazana bilməyəcək. Eşitdim ki, Azərbaycan – Slovakiya oyunundan sonra 26 nəfəri “istefa” şüarına görə tutublar. Burdan Elxan Məmmədovdan soruşuram ki, Ay Elxan, bəyəm stadionda “istefa” qışqırmaq olmaz? Azarkeşdir də, gəlir, görür komanda bərbaddır, “istefa” qışqırır. Başa düşmürəm, bu qoçuluğu, hünəri Elxana kim verib? Elxan kimdir ki, qoçuluq edir? Azərbaycanlı azarkeşlərin yerində olsam, bundan sonra heç yığmanın oyunlarına getmərəm.
  • AFFA-da dəyişiklik olsa, futbolumuz düzələcəkmi?
  • Əlbəttə. Gərək futbol oynayan adamlar gəlsin. Bunlar çıxmalıdır hamısı. Əvvəlcədən əsas qoyulmalıdır. İlk növbədə 5-6 legioner gətirilməsini yığışdırmaq lazımdır. Baxın BATE-yə, 1-2 səviyyəli legioner gətirirlər və cavanları onların ətrafında yığırlar. Bununla da, gənclər də təcrübə qazanır, “bişirlər”. Bizdə baxın, uşaq məktəblərində futbola aidiyyatı olmayanlar işləyir, futbol adamları qalır evlərində. Bu yaxınlarda bəzi açıqlamalara baxmışdım. Jurnalistlər soruşur niyə hamımız oyunlara gedə bilmirik, AFFA prezidenti deyir ki, çünki pulumuz yoxdur. Ay Abdullayev, pulun yoxdur, U-21-in baş məşqçisi Milan Obradoviçə bir neçə milyon verirsən? Pis çıxmasın, mənim babam baş məşqçi işləsə, ondan yaxşı nəticə verər. Lixtenşteynə 0:1 hesabı ilə uduzdular. Ancaq istənilən azərbaycanlı baş məşqçi komandanı çalışdırsaydı, uduzmazdılar, bəlkə də, udardılar. Nikola Yurçeviçə, Obradoviçə pul verə bilirsən, jurnalistləri səfərə aparmağa pul tapmırsan? Gərək bu sualı jurnalistlər verərdi.
  • Azərbaycan futbolunun inkişafı üçün nələr lazımdır?
  • Hamısı getməlidir və AFFA-ya saf, futbol adamı qoymaq lazımdır. Birdən İsgəndər Cavadovu federasiyaya prezident qoyarlar, onda Azərbaycan futbolunun qanı ikiqat gedəcək. İsgəndər Cavadov özünü çox yekə aparır, heç Maradona və Pele onun kimi etmir. Düzgün seçim etmək lazımdır. Rəhmətlik Ələkbər Məmmədov kimi bir adam lazımdır. Futbolu fikirləşən adam lazımdır, pulu yox. Bunların qurduğu siyasətə görə mən 25 yaşımda karyeramı bitirdim. Bizə yer tapılmadı Azərbaycanda. Görün, nə qədər azərbaycanlı futbolçu Avropada yaşayır. Azərbaycanlı futbolçuların Azərbaycanda yeri yoxdur. Onlar ancaq pulu fikirləşirlər. Bu siyasətlərinə görə biz hamımız futboldan didərgin düşmüşük.

Şahin Cəfərov