Yunis Hüseynov müdafiəçiləri günahlandırdı

“Keşlə”nin baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, o, 2:3 hesabıyla məğlub olduqları matçdan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Qələbə qazanmaq istəyirdik, ancaq alınmadı. Hesabda irəli çıxdıq, amma qol vurandan sonra futbolçularda sanki nəsə çatmırdı, arxaya oturdular. İlk 3 matçda qol buraxmamışdıq, müdafiə xətti bu gün zəif çıxış etdi. Heç nədən qapımızda qollar gördük. Qarşıda oyunlarımız var. Bu o demək deyil ki, hər şey qurtardı. Çalışıb hər şeyi düzəltməli və işləməliyik”.

55 yaşlı çalışdırıcı hər görüşdən əvvəl rəqibi təhlil etdiklərini söyləyib: “Rəqib cinahdan qollar vurdu. Bunu kim fikirləşə bilərdi? Futbolda hər şey olur. Müdafiəçilər zəif oynadı ki, onlar da başla qollar vurdu və məğlub olduq. Təcrübəli futbolçumuz isə penaltiyə səbəb oldu”.

Hüseynov hər oyuna final gözü ilə baxdıqlarını vurğulayıb: “Heç vaxt narazı olmamışam. Həddindən artıq aqressiya olanda futbolçu “yana” bilər. Bəlkə də, çox istəkli olduqları üçün zəif çıxış etdilər. Bu gün, ümumiyyətlə, oyundan razı qalmadım. Oyunun gedişatı məni qane etmədi”.

Baş məşqçi hakimlərin iki epizodda səhv qərar verdiyini vurğulayıb: “Düşünürəm ki, penaltimiz verilmədi, top rəqibin əlinə dəymişdi. Hakimlik normal idi, hamıda səhvlər olur. Bizim komanda əks-hücumda yaxalandı, yan xətt hakimi futbolçunu cinahdan oyuna atdı. Mənə elə gəlir ki, belə şeylər olmamalıdır. Komanda olaraq qarşıdakı matçlarda dəyişiklik etməyə çalışmalıyıq”. (apasport)