Yüksək Liqada yeni mövsümün püşkü atıldı

Bu gün futzal üzrə Yüksək Liqada 2021/22 mövsümünün püşkatma mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, Bakı İdman Sarayında keçirilmiş tədbirdə əvvəlcə iştirakçı komandalara və KİV nümayəndələrinə yeni mövsümün reqlamentində edilmiş yeniliklər barədə məlumat verilib.

8 komandanın iştirakı ilə keçiriləcək yarış 3 dövrədən və pley-off mərhələsindən ibarət olacaq. Belə ki, 21 turun yekununda ilk 4 pilləni tutacaq komandalar pley-off-da oynamaq hüququ qazanacaq. Birinci pillənin sahibi dördüncü, ikinci yeri tutacaq iştirakçı isə 3-cü yerdə qərarlaşmış klubla üz-üzə gələcək. Komandalar iki qələbə qazanana qədər mübarizə aparacaqlar. Qaliblər finalda, məğlublar isə bürünc medal uğrunda oyunda qarşılaşacaqlar.

Yeni mövsümdə 19 yaşadək futzalçılarla bağlı tətbiq ediləcək limit ləğv edilib. Legioner limiti isə 7-yə bərabərdir. Belə ki, bir klub iştirak ərizəsinə, eləcə də oyunun protokoluna maksimum 7 əcnəbinin adını daxil edə biləcək. Oyunlar isə həftənin cümə günləri keçiriləcək.

Daha sonra yeni mövsümün püşkü atılıb, ardından isə KİV əməkdaşlarının sualları cavablandırılıb.

Qeyd edək ki, yeni mövsümə oktyabrın 1-də start veriləcək. Oyunların başlanma vaxtı barədə əlavə məlumat veriləcək.

Birinci turda keçiriləcək oyunların təqvimini diqqətinizə çatdırırq:

“Alyans” (Lənkəran) – “Baku Fire”
“Record club.az” – “Araz-Naxçıvan”
“Neftçi” İK – EKOL
U-19 – “Xilə”