“Ya qürurun olsun, “mənlik deyil” de, çəkil, ya da…” – “Qarabağ”ın Sevinci ilə MÜSAHİBƏ

Azərbaycan futbolunun boz simasına və yarıboş tribunalarına gözəllik qatan, həyəcan gətirən daha çox onlardır – xanım azarkeşlər. Onları daha çox “Qarabağ”ın oyunlarında görmək olar. Axı əksəriyyəti “köhlər atlar”ın azarkeşləridir. Aralarında biri var ki, sosial şəbəkədə aktivliyi ilə xüsusilə seçilir. Sevinc Məmmədovanı deyirik. “Qarabağ” qədər olmasa da (bəlkə də, elə o qədər), həm də, “Liverpul” azarkeşidir. Onunla azarkeşlik etdiyi klublardan tutmuş, milli komandaya, “Neftçi”yə, Samir Abasova kimi xeyli mövzuda söhbət etdik:

  • Azərbaycanda stadionlardan oyun izləyən xanım futbol azarkeşi olmaq necə bir şeydir?
  • Azərbaycan futbolunu sevən, izləyən azarkeş sayı o qədər azdır ki, demək olar hamı bir-birini üzdən tanıyır. Davamlı olaraq oyunlarda iştirak etdikcə, artıq klub nümayəndələri, hətta futbolçularla da münasibət yaranır. Bəzən səfər oyunlarına gedirik, oyundan əvvəl və ya sonra, hansısa məkanda futbolçulardan kimləsə üz-üzə gəlirsən, salamlaşırlar, dəstək üçün təşəkkür edirlər. Bəzən olur, “necə qayıdacağıq”, “nəsə bir kömək lazımdırmı?” deyə, soruşurlar da. Sən bir qadın azarkeşsənsə, bu mənada daha çox diqqət çəkirsən. İstər-istəməz, azsaylı daimi azarkeşlərin içində azsaylı xanımlardan olanda, daha çox göz önündə olur insan.
  • Azarkeşlərdən söz düşmüşkən, azərbaycanlı polislər futbolu sevmir, yoxsa azarkeşləri?
  • Azərbaycanlı polislər bir yerə toplaşan insanları sevmir məncə. Bu, istər futbol olsun, istər hansısa tədbir, istər konsert, istər yürüş olsun, fərqi yoxdur. Onlar belə durumlarda gücləndirilmiş iş rejimində çalışırlar deyə, daha gərgin və əsəbi olurlar. Dəfələrlə olub ki, polislərin “qurtarsaydı, çıxıb gedərdik” dediyinin şahidi olmuşam.
  • Yəqin “Qarabağ”ın səfər oyunlarına da gedirsiz. Adına “mental dəyərlər” dediyimiz amil təzyiq yaratmır sizə?
  • Mental dəyərlər mənə görə dəyərsizdir. Ətrafdakı insanların haqqımda nə düşündüyünü, mənə necə baxdığını, nəyi yaraşdırıb-yaraşdırmadığını artıq önəmsəmirəm. Ona görə, heç nə mənə mane olmur. Bəzən hansısa oyundan sonra gecə saat 3-də gəlib evə çatdığım da olub, gəlmədiyim də olub. Bir şey mənə xoşdursa, kənardakılara necə təsir etdiyi məni maraqlandırmır.
  • Bəzən deyirlər ki, “Xəzər Lənkəran” azarkeşləri Azərbaycanın ən yaxşısı idi. Razısız, yoxsa özünüzü, “Neftçi” və ya “Kəpəz” azarkeşlərini ilk sırada görürsüz?
  • İstənilən klubun azarkeşlərinə hörmətlə yanaşıram. Heç bir qarşılıq güdmədən stadionlarda sevimli komandasını dəstəkləyən hər kəs hörmətə layiqdir. “Xəzər Lənkəran” azarkeşləri həm saylarının çoxluğu, həm də açdıqları kreativ pankartlara görə yaddaşlarda qalıblar. “Kəpəz” azarkeşləri stadionlarda azarkeş sayı baxımından rekord yaratmış adamlardır. Ancaq mən azarkeşliyi, azarkeşləri müqayisə etmək istəməzdim. Məsələn, “Bakı” klubu son günlərini yaşayanda belə, 10-12 nəfər azarkeş dayanmadan tribunada onları dəstəkləyirdi. Burda kəmiyyət yox, keyfiyyət əsasdır, sevgi əsasdır. Mənə görə, 10 nəfər əsl sevən azarkeş 50 minlik tribunanı qələbə üçün dolduran azarkeşdən daha dəyərli, daha güclüdür.
  • Milli komandaların oyunlarına baxanda adama elə gəlir ki, bizdə hələ normal futbol düşüncəsi tam formalaşmayıb. Bəs azarkeş düşüncəsi necə?
  • Milli komanda pis alışqanlıq kimidir. Ziyan olduğunu bilirik, ancaq əl çəkə bilmirik. Bəzən əsəbiləşirəm, deyinirəm, “daha izləməyəcəm” deyirəm, sonra ürəyim sözümə qulaq asmır. “Qarabağ”ın avrokuboklardakı uğurları ilə öyünüb özümüzü aldatsaq da, milli komandaya baxanda acı gerçəkliklə üz-üzə qalırıq. Əlimdə gil olsa, mən ondan kürə, uzağı hansısa sadə fiqur düzəldə bilərəm. Ancaq gili bir heykəltaraşa versək, ortaya möhtəşəm bir sənət əsəri çıxar. Azərbaycan futbolu gildir, ondan sənət əsəri düzəltmək üçün bu işin sənətkarlarına şans vermək lazımdır. Qurban hoca (Qurban Qurbanov) kimi, Rəşad Sadıqov kimi, futbol üçün canı yanan, puldan əvvəl inkişafı düşünən digər adamlar idarəçiliyə gəlməlidir. Hansısa plan olmalıdır, o plan üzrə işlər getməlidir. Lap başa getmək, 0-dan başlamaq lazımdır. Yeri gələndə, Azərbaycan azarkeşində olan sadiqlik başqa harda var?
  • Sevinc, sizcə, niyə Azərbaycan millisi bu qədər uğursuzdur? Bəlkə, yetərincə azarkeş sevgisi yoxdur?
  • Azərbaycan millisi Azərbaycan futbolunun, Azərbaycanda futbola olan yanaşmanın, azərbaycanlıların potensialına verilən dəyərin güzgüsüdür. Yaxınlarda Qurban Qurbanov saytların birinə müsahibə verib və futbolumuzun, futbola olan yanaşmanın ən xırda detallarına qədər toxunub. Hər şeyi açıqca ortaya qoyub. Bu şəraitdə, bu şərtlər altında biz futbolçu yetişdirib milli komdanda formalaşdıra bilmərik. Bilmirik də. Bu məsələlərdə ən son günahkar görüləcək adamlar azarkeşlərdir. Çünki azərbaycanlı azarkeşlər millinin ən bərbad nəticələrində belə, stadionlarda komandamızı dəstəkləməkdən vaz keçməyiblər. Adi heç-heçələri, hansısa minimal hesablı qələbələri bayram etdiyimiz günlər olub. Başqa ölkələr AÇ, DÇ kimi mötəbər turnirlərə vəsiqə qazanması haqda kinolar çəkəndə, biz “26-cı dəqiqə”, “Şəfalı matç” kimi sənədli filmlər çəkib, özümüzü aldatmışıq.
  • Canni De Byazi sizi də hirsləndirir?
  • Canni De Byazidə qələbə ruhu yoxdur. Bayaq sualların birinə cavab verərkən qeyd elədiyim bir məsələ var. Məsələn, “Qarabağ” hansısa komanda ilə qarşılaşacaqsa, püşk atılan kimi mən artıq qələbə haqda düşünürəm. Bəlkə də, mənim düşünməyimin “Qarabağ”ın nəticəsinə dəxli yoxdur, ancaq bu enerji məsələsi, inanmaq çox önəmlidir. Bir məşqçi öz futbolçularına xaraktersiz deyirsə, onların potensialına, qələbə qazanmaq ehtimalına inanmırsa, “bizim qarşımıza birincilik hədəfi qoyulmayıb” deyirsə, o məşqçidən hansı nəticəni gözləmək olar? Məsələn, mən satış sahəsində çalışıram. Bizim şirkətimiz hansısa məhsulu 0-dan bazara çıxaranda rəhbərliyimiz öncə toplantı edib, məhsulu təqdim edir, daha sonra bizə inandıqlarını, bizim sayəmizdə bu məhsulun ən qısa zamanda bazarın lideri olacağına əmin olduqlarını deyirlər. Həmin an həqiqətən də, çox güclü rəqiblərimizin olduğunu bilirik. Ancaq rəhbərliyin bizə olan inamı, bir az da öz səylərimiz nəticəsində rəqibləri arxada qoya bilirik. Hər işdə motivasiya önəmlidir. Düzdür, bizim futbolçuların üstün performansı olmaya bilər, ancaq məşqçi ondan ötrüdür ki, əlində olandan istifadə edib, nəsə iş görə bilsin. Çünki gələndə hara gəldiyini, nəyə gəldiyini bilirdi. Ya qürurun olsun, “mənlik deyil” de, çəkil, ya da, bu meydan, bu şeytan.
  • Elxan Məmmədovun FİFA-da vəzifəyə təyin olunmasına sevindiz, yoxsa üzüldüz?
  • Elxan Məmmədovun təyinatına əslində sevinmişdim. Düşünürdüm ki, bəlkə də, yeni iş yerində faydalı olmağa çalışar. Ölkədə sevilmədiyini yaxşı bilir. Xal qazanmaq üçün nüfuzundan istifadə edib Nurlan İbrahimovun məsələsinə qarışacağını, azərbaycanlı olaraq bir azərbaycanlının cəzasının ən azından yüngülləşdirilməsi üçün hansısa addımlar atacağını gözləyirdim. Onunla bağlı indiyə kimi nə gözləntim olmuşdusa, səhv çıxmışdı, bu dəfə də ənənə pozulmadı.
  • Sosial şəbəkədəki paylaşımlarınızdan aydın olur ki, “Qarabağ” və “Liverpul” azarkeşisiz. Bu iki komanda qarşılaşsa, – “Qarabağ”ın “Çelsi”, “Roma”, “Atletiko” kimi oyunlarını xatırlasaq, mümkündür – hansına azarkeşlik edərsiz?
  • “Qarabağ” hansı rəqiblə qarşılaşır qarşılaşsın, fərqi yoxdur, mən həmişə onun qələbə qazanmasını istəyərəm. “Liverpul” dünyada milyonlarla azarkeşi olan brend klubdur. Onun artıq özünü təsdiq etməsinə ehtiyac yoxdur. “Qarabağ” isə yeni-yeni addımlamağa başlayıb. Bu mənada, onun qələbə qazanması daha vacibdir. Üstəlik, adlı-sanlı rəqiblərlə oyunda qalib olması daha da möhtəşəm olar.
  • Samir Abasov da “Neftçi”dən getdi. İndi “Qarabağ” azarkeşləri “Neftçi”ylə oyunlarda kimin istefasını tələb edəcəklər?
  • Samir Abasov istər “Sumqayıt”da, istər “Zirə”də çalışanda hörmət etdiyim mütəxəssislərdən olub. Hər zaman uğur qazanacağına, böyük işlər görə biləcəyinə inanırdım. Bu barədə yanıldığımı düşünmürəm. “Neftçi”ni qolu-qanadı qırıq vəziyətdə götürüb çempion etməyi də bacardı. Ancaq çox emosional insandır və çox vaxt düşünmədən danışır. Bu da onun ziyanına olan amillərdəndir. İnsan haqlı ola bilər. Amma bir söz var, deyirlər hər düzü danışmaq olmaz. Müəyyən məqamlarda sussaydı, yaxud suallardan yayınsaydı, mikrofon qarşısında emosiyalarını cilovlaya bilsəydi, daha yaxşı olardı. Qaldı istefa məsələsinə, bizə ehtiyac yoxdur. Onsuz “Neftçi”yə kim gəlir-gəlsin, iki-üç ay sonra istefasını öz azarkeşləri istəyir. Biz sadəcə əyləncə olsun deyə, deyirdik. Baxırıq ki, çempionatın əvvəlindən artıq çempionluğumuz rəsmiləşib, həyəcan-filan yoxdur, biz də özümüz üçün əyləncə tapırıq.
  • Bu arada, “Neftçi” rumıniyalı yeni baş məşqçi gətirib. Regekampf sizi qorxutmur?
  • İndiyə qədər “Qarabağ” istər avrokuboklarda, istər yerli çempionatda, çox sayda komandalara və məşqçilərə qarşı xeyli oyuna çıxıb. Bu günə qədər əsla hansısa rəqibdən çəkinib-qorxduğum olmayıb. O vaxt biz “Çelsi” ilə qarşılaşanda mən oyundan əvvəl Konte barəsində atmacalı post yazmışdım. Və yaxud “Atletiko” ilə oyundan əvvəl “ilk xalımızı ispanlardan alacağıq” başlıqlı post yazmışdım. Onda mənə gülürdülər, ancaq sonda haqlı çıxdım. Yəni hansısa rəqibdən qorxmaq mənim kitabımda yoxdur. Onların Regekampfı var, bizim Qurban hocamız.
  • “Sabah” növbəti mövsüm üçün sanballı transferlər edib. “Qarabağ”ın əsas rəqibi ola bilər qarşıdakı mövsümdə?
  • “Sabah” həqiqətən də çox gözəl heyət formalaşdırır. Davit Volkovun “Zirə”dən getdiyinə üzüldüm açığı. Çünki Konfrans Liqasında Rəşad Sadıqovun ona çox ehtiyacı olacaqdı. Həm Volkov, həm də Namik Ələskərov qol duyumu olan futbolçulardır və iki bombardirin bir komandada olması “Sabah”ın məhsuldar bir mövsüm keçərəcəyi anlamına gəlir. Ancaq mən belə düşünürəm ki, bütün bunların “Qarabağ”a heç bir dəxli yoxdur. Biz yenə də çempion olacağıq və “Sabah” ikincilik üçün oynayan klubların əsas rəqibi olacaq (gülür). Mənim üçün futbolun qızıl qanunu oyuna çıxmadan qalib olduğunu düşünməkdir – rəqibdən asılı olmayaraq!
  • Azərbaycanda elə bir futbolçu varmı ki, “Qarabağ”da oynamasını arzulayasız?
  • Yerli futbolçular içərisində xüsusi simpatiyam olan elə biri yoxdur ki, deyim, kaş “Qarabağ”da olaydı. “Yaxşı ki, bizdə oynayır”, hətta “yaxşı ki, getdi” dediklərim var. Ancaq “kaş ki, bizdə oynayaydı” düşündüyüm elə biri yoxdur.
  • Bəs “Liverpul”da? Varmı elə bir futbolçu ki, “Liverpul” formasında görməyi çox arzulayırsız?
  • Harri Keyn çox bəyəndiyim futbolçulardandır. Onun əzmini, oyun tərzini, davranışını, meydandakı fəaliyətini çox bəyənirəm. Onu “Liverpul”da görmək istərdim.
  • Və son sual: “Liverpul” “Real”la daha neçə dəfə Çempionlar Liqasının finalında qarşılaşmalıdır ki, qələbə qazana bilsin?
  • “Liverpul” ikili oyunlarda mənə görə hər zaman favoritdir. Ancaq təkli oyunlarda, üstəlik, bu oyun finaldırsa, təkcə komandanın oyun tərzi yox, həm də psixoloji hazırlığı və şansı da rol oynayır. Son finalda “Real” daha sakit idi, “Liverpul” isə daha gərgin. Oyunda “Liverpul” hücum edən tərəf idi, “Real” müdafiə olunan tərəf. “Liverpul” şanssız tərəf idi, “Real” şanslı tərəf. Kiyevdəki finalda kuboku Karius öz əlləri ilə vermişdi, Parisdəki finalda Kurtua kuboku əlləri ilə bizdən aldı. Bütün bunlar artıq keçmişdə qalıb. Biz İstanbul finalına hazırlaşırıq artıq. Klopp dedi ki, otel “rezervasiya” edin, biz də etdik. Rəqibimiz “Real” belə olsa, İstanbul qırmızıdır!

Rəşad

Bizi Telegramda izləyin