Xose Kalyexonun yeni klubu bəlli oldu

İtaliyanın “Fiorentina” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi ispan hücumçu Xose Kalyexon və argentinalı müdafiəçi Lukas Martines Kuartanı transfer edib.

Bu barədə Florensiya klubunun rəsmi saytı məlumat yayıb. Son yeddi mövsümü “Napoli”də keçirmiş Kalyexon yeni klubuna azad agent kimi keçib. 33 yaşlı futbolçu ilə müqavilənin müddəti açıqlanmır. Madrid “Real”ının yetirməsi olan Kalyexon, karyerası ərzində bu komandadan başqa “Espanyol”un da formasını geyinib. 2013-cü ildən “Napoli”də olan futbolçu, bu komandada 349 oyunaa çıxıb, 82 qola, 78 məhsuldar ötürməyə imza atıb.

Martines Kuarta “Fiorentina” ilə 5 illik müqaviləyə imza atıb. 24 yaşlı futbolçu “River Pleyt”in yetirməsidir. O, ötən ildən Argentina yığmasına da dəvət alır.

“Fiorentina” bu iki futbolçudan əlavə, “Monako”nun sol cinah müdafiəçisi Antonio Barrekanı da icarəyə götürüb. 25 yaşlı italyan futbolçu mövsümün sonuna kimi Florensiya klubunun uğurları üçün çalışacaq. 2018-ci ildən “Monako”da olan futbolçu ötən mövsümü də “Cenoa”da icarədə keçirib.

Qeyd edək ki, Kalyexon “Fiorentina”da “77”, Lukas Martines “2”, Barreka isə “27” nömrəli formanı geyinəcək.