“Bütün rəqiblərimizin məğlub etdiyi komanda ilə oyunda xal itirməyimiz bizi məyus etdi” – Daliç

Xorvatiya milli komandasının baş məşqçisi Zlatko Daliç yerli mətbuata açıqlama verib.

Komanda.az “24sata.hr” saytına istinadən xəbər verir ki, Daliç, AÇ-2020-nin seçmə mərhələsində Azərbaycan millisiylə qollu bərabərə qaldıqları oyun (1:1) haqda da danışıb:

“Açığı, bütün rəqiblərimizin məğlub etdiyi komanda ilə oyunda xal itirməyimiz bizi məyus etdi. Oyuna yaxşı başladıq və ilk 30 dəqiqəni möhtəşəm keçirdik. Üç gün əvvəl Slovakiya ilə səfərdə oynadığımız səviyyədə idik. Ancaq qol şanslarımız olsa da, yararlana bilmədik. Rəqibin qapıçısı möhtəşəm qurtarışlar etdi və bu, bizdə əsəbilik yaratdı. İkinci hissəni də yaxşı keçirmədik.

Düşdüyümüz vəziyyəti bilirdim və futbolçularla söhbət etdim. Onları günahlandıracaq bir şey yox idi. Bacardıqlarını etdilər. Bakıdakı xal itkisinin planda və gözləntilərdə heç bir şeyi dəyişməyəcəyinə əmin ola bilərsiz.

Macarıstanla oyunda mütləq qələbə qazanmalıyıq. Təzyiqlər normaldır. AÇ-2020-nin əsas mərhələsinə vəsiqə qazanacağımıza inanıram”.