Rəşad Ergün
bütün yazıları
Natiq Muxtarlı
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


9 “ölü” haqda - Yazı+Fotolar

Komanda.az saytı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyiylə “Fəaliyyətini dayandırmış Azərbaycan klubları - Səbəblərin araşdırılması” layihəsinin ikinci hissəsinə yekun vurur.

Böyük arealı əhatə edən layihənin ikinci hissəsində 9 klubun dağılma səbəbi araşdırılıb. Bu klublardan böyük əksəriyyətinin (8) əsası sovet dövründə qoyulub. Bunda, həmin dövrdə ölkədə fəaliyyət göstərən zavod, fabrik, evtikmə kombinatları və s. idarələrin xüsusi rolu olub. Belə ki, əvvəllər həvəskar şəkildə, zavod işçilərindən qurulmuş komandalar sonradan peşəkar oyunçuların cəlb edilməsilə SSRİ-nin 3-cü dərəcəli liqası sayılan Azərbaycan çempionatında və 2-ci divizionda mübarizə aparmağa başlayıblar. Bu klublar arasında müəyyən uğurlara imza ataraq yaddaşlara həkk olunanları da, yaşadığı müddətdə heç bir uğura imza atmadan futbol qəbiristanlığımızın sakininə çevrilənlər də var.

Ölkə futbolunda region klublarının sayının az olmasıyla bağlı ciddi problem yaşandığı heş kimə sirr deyil. İkinci yazıda tarixdən silinmə səbəblərini araşdırdığımız 9 klubdan 6-sı məhz rayonları təmsil edirdi. Klubların yaranması kimi dağılma səbəbləri də bənzərdi.

Layihə çərçivəsində araşdırılmış 9 klubun dağılma səbəblərinə qısa nəzər salaq.

Azəri

Komandanın adı milli olsa da, müstəqillik yox, sovet dövründə yaradılıb. “Azəri”nin əsası Əli Ağamalıyev tərəfindən 1984-cü ildə qoyulub. Ağamalıyev həm komanda ilk yarananda, həm klub prezidenti seçildikdən sonra da komandada futbolçu kimi də çıxış edib.

İlk vaxtlar Qazan Mexaniki Zavodunun komandası kimi fəaliyyət göstərmiş “Azəri” Azərbaycan çempionatında bu ad altında çıxış etməyə başlayır. “Azəri” ölkə futbolunun tarixinə “Neftçi”dən sonra qeydiyyatdan keçmiş ilk peşəkar klub kimi düşüb. Müstəqillik dövründə komandanın əsas maliyyə dayağı Bakı Tütün Kombinatı və Elektron Hesablama Maşınları zavodu idi. Ölkə futbolunun tarixinə “Neftçi”dən sonra qeydiyyatdan keçmiş ilk peşəkar klub kimi düşmüş “Azəri” həmçinin, ölkə çempionatlarında ikinci komandayla təmsil olunan ilk klub olub. Belə ki, güclülər dəstəsində fəaliyyət göstərən “Azəri”ylə yanaşı, aşağı liqada klubun gənclərdən ibarət komandası olan “Azəri 2” də çıxış edirdi. Komandayla bağlı digər maraqlı fakt isə ölkə futbolunun əfsanəsi Anatoli Banişevskinin bu klubda məsləhətçi kimi çalışmasıdı.

Lakin Bakı klubuna çox yaşamaq qismət olmayıb. O vaxtkı AFFA rəhbərliyi ilə həm üzvlük haqqının ödənilməsi, həm də hakim qərarlarıyla bağlı ciddi fikir ayrılığı olan “Azəri”, federasiyadan narazı olan digər üsyançı klublarla birlikdə yeni yaradılmış Peşəkar Futbol Liqasına qatılır. Ancaq sonradan üsyançıların bir çoxu AFFA ilə razılığa gələrək çempionatda çıxış etməyə razı olsa da, “Azəri”ni bir də görən olmur.

Komandanın fəaliyyətini dayandırmasında əsas rolu isə federasiya ilə fikir ayrılığı yox, maliyyə problemləri oynayır. Belə ki, zavodların komandaya ayırdığı maliyyə klubu yaşatmağa, yüksək liqada çıxış etməyə kifayət etmirdi. Belədə, Ağamalıyev klubun əsas komandasını buraxmaq qərarına gəlir. Lakin “Azəri” əsas komandası fəaliyyətini dayandırdıqdan sonra yaşayan nadir komandalarımızdandı. Belə ki, Bakı klubunun əsas komandası 20 ildən artıqdı futbol səhnəmizdə görünməsə də, aşağı yaş qrupları hələ də, müxtəlif turnirlərdə çıxış edir.

Kürmük

Qax rayonunu təmsil edən “Kürmük” də sovet dövründə əsası qoyulan komandalardandı. 1985-ci ildə yaradılan komanda müstəqillik illərində digər komandalarn bir çoxu kimi icra hakimiyyətinin əlinə baxmalı olur. Yerli icra orqanı “Kürmük”ün ölkə çempionatlarında çıxı etdiyi ilk illərdə komandaya müəyyən dəstək göstərsə də, icra hakimiyyətinin dəyişməsi Qax təmsilçisinin də taleyini dəyişir. Yeni rayon rəhbərliyinin ənənəvi “futbola ayıracaq pulumuz yoxdu” bəhanəsiylə “Kürmük” də tarixin yaddaşına köçdü. Ölkə çempionatlarında çıxış etdiyi dövrlərdə ciddi uğurla yadda qalmayan “Kürmük” yerli azarkeşlərin yaddaşında rayonu güclülər dəstəsində təmsil etmiş yeganə komanda kimi taxt qurub.

Avtomobilçi

Yevlax futbolu deyəndə daha çox bu rayonu Premyer Liqada uğurla təmsil etmiş “Karvan” yada düşür. Lakin bu rayonu elitada təmsil edən ilk komanda “Karvan” deyil. “Ağ-qaralar”dan illər öncə Yevlaxı ilk müstəqil ölkə çempionatında “Avtomobilçi” komandası təmsil edib. 1985-ci ildə yaradılan komanda Avtonəqliyyat İstehsalat Birliyinə həvalə edilir. Sovet vaxtında ölkə çempionatında çıxış etmiş komanda ilk müstəqil çempionatımızın da 26 iştirakçısından biri olub. Lakin komanda müstəqillik illərində çox yaşamayıb. Cəmi 4 çempionatda (bunlardan yalnız 2-si yüksək liqada olub) çıxış edən komanda maliyyə məsələlərini heç cür həll edə bilmir. Şəhər rəhbərliyi tərəfindən öz taleyinə tərk edilən komanda tezliklə Azərbaycan futbolunun “mərhumlar”ı sırasına daxil olur.

İnşaatçı (Sabirabad)

“İnşaatçı” da sovet dövründə yerli müəssisələrin idmana qayğısı nəticəsində yaradılmış komandalardandı. Həmin vaxtlar sanki ölkədə fəaliyyət göstərən müəssisələr komanda yaratma baxımından bir-biri ilə yarışa girmişdilər. Sabirabadın tikinti kombinatı da bu “yarış”dan kənarda qalmadı. 1980-ci ildə yerli bir neçə tikinti kombinatının nəzdində komanda yaradılır. Maliyyə dəstəyi tikinti kombinatı olduqda, ad üzərində çox düşünməyə ehtiyac olmur - “İnşaatçı”.

“İnşaatçı” sovet dövründə Azərbaycan çempionatlarında uğurla çıxış edir. Komanda bir dəfə Azərbaycan SSR kubokunun, bir dəfə ölkə çempionatının qalibi olur. Ölkə çempionatının qalibi olduğu il (1989) komanda SSRİ çempionatının 2-ci dəstəsinə vəsiqə qazanmalı olsa da, biliməyən səbəblərdən kənarda qalır.

“İnşaatçı” da 80-ci illərdə yaradılmış digər komandalar kimi ilk ölkə çempionatlarının iştirakçısı olur. Lakin əvvəlki maliyyə dəstəyindən məhrum olan komandanın çempionatda iştirakı elə də uğurlu alınmır. “İnşaatçı” yalnız 1993-cü ildə ölkə kubokundakı çıxışıyla öyünə bilər. Həmin ildə gözlənilmədən ölkə kubokunun finalına vəsiqə qazanan komanda burda yalnız əlavə vaxtda “Qarabağ”a uduzaraq, ikinciliklə kifayətlənir. Bir neçə ay sonra isə baxımsız qalan komanda tarixin yaddaşına köçür. Təəssüf ki, “İnşaatçı”yla birlikdə Sabirabad futbolu da “ölür”. Artıq uzun illərdi ki, ölkə çempionatlarında bu rayonu heç bir komanda təmsil etmir.

Azneftyağ

1991-ci ildə sovet dövründən fəaliyyət göstərən “Araz” komandasının bazasında “Tərəqqi” adı altında yaradılan komandanın ömrü çox qısa çəkib. Ölkə çempionatındakı ikinci mövsümündən etibarən “Azneftyağ” adı altında fəaliyyət göstərən komanda elə bu adla da tarixin yaddaşına köçüb. Bakı təsmilçisi qısa ömründə yalnız bir dəfə ölkə kubokunun yarımfinalına vəsiqə qazanması və Kazbek Tuayev, Ağasəlim Mircavadov kimi mütəxəssislərin baş məşqçi işləməsiylə yadda qaldı. Bu gün isə “Azneftyağ” artıq unudulmaqda, hətta demək olar, unudulmuş komandalardandı.

Pambıqçı (Bərdə)

Komanda 1981-ci ildə, o vaxt rayonun birinci katibi olan futbol həvəskarı Rüstəm Səfərəliyevin təşəbbüsü ilə yaradılıb. Yerli pambıq zavodlarına həvalə edilən komanda elə “Pambıqçı” adlandırılır. Sovet dövründə Azərbaycan çempionatlarında iştirak edən komanda, 1991-ci ildə SSRİ-də bədən tərbiyəsi təşkilatları arasında təşkil edilən “Milyonlar kuboku”nda da çıxış edir. “Pambıqçı” həmin turniri ikinci pillədə başa vurur. Müstəqillik dövründə də fəaliyyətini davam etdirən “pambıqçılar” ilk ölkə çempionatının iştirakçılarından olurlar. Lakin komanda artıq zavodlara yox, icra hakimiyyətinin əlinə baxırdı. 1997-ci ildən çempionatda “Qarabağ” adı altında çıxış edən komanda elə bu ad altında da tarixin yaddaşına köçür. “Pambıqçı”nın sonu da sovet dövründə yaradılmış digər komandalarla eyni olur. Futbola pul ayırmaq istəməyən icra hakimi, sponsorsuz qalmış komanda, bir neçə oyuna pulsuz yollanan gənc futbolçular və... gözlənilən sonluq. Komanda 1997/98 mövsümünü yarımçıq tərk edir. AFFA Bərdə təmsilçisinə qalan oyunların hamısında texniki məğubiyyət verir.

Kür-Nur

Ölkənin ən böyük şəhərlərindən birini, Mingəçeviri təmsil edən “Kür” ölkə futbolunda 1990-cı ildə göründü. Komanda vaxtilə Bakını təmsil etmiş, 80-ci illərin əvvəllərində isə Mingəçevirə köç etmiş “Avtomobilçi”nin dağılmasından sonra bu komandanın bazası əsasında yaradıldı. Əvvəllər icra hakimiyyətinin maliyyələşdirdiyi komandaya sonradan yerli DRES-in sponsorluq etməyə başlamasıyla “Kür-Nur” adlanır və ölkənin top-komandalarından birinə çevrilir. “Pis günün ömrü az olar” deyirlər. Ancaq bu deyim “Kür-Nur” üçün tam əks mənada işlədilir. Mingəçevir təmsilçisinin yaxşı günlərinin ömrü az olur. 1997/98 mövsümü komandanın ölkə çempionalarında göründüyü son il olur. Vaxt keçdikcə futbolun çox maliyyə tələb edən sahə olduğunu görən DRES rəhbərliyi komandaya kömək etməkdən imtina edir. Şəhər rəhbərliyi isə komandanı yaşatmaq üçün maliyyə ayırmaqdan imtina edir. Beləliklə, “Kür-Nur” Azərbaycan futbol qəbiristanlığının sakininə çevrilir.

Hazırda Mingəçeviri aşağı liqada “Energetik” təmsil etsə də (buna təmsil etmək demək olarsa), mingəçevirli azarkeşlər hələ də, iki dəfə ölkə kubokunun finalında mübarizə aparmış sevimli “Kür”lərinin həsrətindədilər.

Plastik

Salyanı təmsil edən “Plastik” komandası müstəqil ölkə çempionatında çox qısa müddətdə çıxış etdi. Ancaq komandanın müstəqil ölkə çempionatlarındakı çıxışı yalnız “aysberqin görünən tərəfidi”. Zavod komandasının əsası isə uzaq 1978-ci ildə qoyulub. Salyan rayonunda fəaliyyət göstərən Plastik Kütlə Emalı zavodunun nəzdində yaradılan komanda sovet dövründə Azərbaycan çempionatında çıxış edirdi. Komanda istər sovet dövründə, istərsə də müstəqillik dönəmində uğurlu çıxışı ilə yadda qalmasa da, ölkə çempionatlarının daimi iştirakçısı idi. Lakin sovetlərin dağılmasıyla birlikdə bir çox zavod da ya fəaliyyətini dayandırdı, ya da ciddi maliyyə sıxıntısı keçirməyə başladı. Plastik Kütlə Emalı zavodunun nəzdində fəaliyyət göstərən “Plastik” də ölkədəki sistem dəyişikliyinin qurbanı oldu. Müstəqillik dövründə 1997-ci ilə kimi fəaliyyət göstərən komandaya yiyə duran tapılmadı və “zavod komandası” eyni məqsədlə yaradılmış digər komandaların aqibətini yaşadı.

Ümid (Bakı)

Layihənin son yazısında bəhs etdiyimiz “Ümid”in taleyi digər klublarla eyni olsa da, komandanın meydana çıxma tarixi tam fərqlidi. Belə ki, “Ümid” 2000-ci ildə, “ANS-Pivani” komandasının fəaliyyətini dayandırması ilə işsiz qalan futbolçuların gələcəyə olan ümidi formasında doğulub. Komandanın ən təcrübəli futbolçularından olan Məqsəd Yaqubəliyev oyunçuların formasını itirməməsi üçün “Ümid” adlı komanda yaratmaq qərarına gəlir. Birinci dəstədə başlayan macəra sonradan güclülər dəstəsində davam etsə də, işsizlərin “Ümid”inin ömrü uzun olmur. Bir neçə iş adamının kiçik maliyyə yardımlarıyla yaşayan, hətta bir ara Təfəkkür Universitetindən yardım alaraq bu ali təhsil ocağının da adını daşıyan komandanın ömrü cəmi 3 il çəkir. Məqsəd Yaqubəliyev ölkə futbolunda davam edən qeyri-müəyyənliyin aradan qalxacağı günə qədər komandanı yaşatmaq istəsə də, buna müyəssər olmur və “Ümid” 2003/04 mövsümünü yarımçıq tərk edir. Komanda dağıldıqdan bir neçə ay sonra isə ölkə futbolunda qeyri-müəyyənliyə son qoyulur və ölkə futboluna güclü maliyyə axını başlayır.

Tarixi sponsor axtarmaqla keçənlər, maliyyədən düzgün istifadə etməyənlər

İlk layihə yazısında olduğu kimi, bu dəfə bəhs etdiyimiz klubların da əsas dağılma səbəbi maliyyə problemləridi. Artıq tarixin yaddaşına köçmüş komandaların bəziləri “bu günü yola verək, sabah bəlkə sponsor tapıldı” fikri ilə fəaliyyət göstərirdisə, bəzi klublar tapdığı sponsorun imkanlarından düzgün istifadə etməməyin qurbanı olub. İmkanlı sponsor tapan komandalar infranstrukturu, bazanı gücləndirmək əvəzinə, dərhal yüksək ödənişli futbolçuların komandaya cəlb edilməsi və yüksək yerlər uğrunda, avrokubokalara vəsiqə üçün mübarizəyə atılır ki, bu istiqamətdəki uğursuzluq isə ya sponsorun həvəsdən düşməsi, ya da maliyyə qaynağının tükənməsiylə nəticələnir. Bunun əsas səbəbi komandada işlərin həvəskar səviyyədə qurulması idi.

Bu layihələrdə təqdim etdiyimiz komandalar ölkə futbol qəbiristanlığının sakinlərinin çox kiçik hissəsidi. Tarixi sponsor axtarışıyla keçmiş komandalarla yanaşı, ölkə futboluna güclü maliyyə axını olduğu dövrlərdə yaradılmış, sponsorların ayırdığı milyonları lazımsız legionerlərə, dəyəri qat-qat şişirdilmiş yerli oyunçulara xərcləyərək özünü məhv etmiş klublar da kifayət qədərdi. Bu işin böyük miqyası əhatə etdiyini, hələ dağılma səbəbi araşdırılmamış yetərincə klubun olduğunu nəzərə alaraq, layihəni davam etdirməyi planlaşdırırıq.

Qeyd: Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Komanda.az


 
tarix: 30-03-2017 14:23

 



Xəbərlər
30.04.2017
03:25 Mourinyonu tənqid etdi - Ferqyuson heç vaxt belə etməzdi
01:42 "Qarabağ" "Neftçi"ni belə məğlub etdi - Video
01:38 Emin Mahmudovlu "Boavişta" qalib gəldi
00:45 Turində hərəyə bir qol, bir xal
00:38 "Real" son dəqiqələrdə xilas oldu, "Barsa" derbini qazandı
00:27 Millimizin üzvü oynadı, komandası uduzdu
00:11 Mövsümün son turunu nə qədər azarkeş izlədi?
00:06 "Monako" 3 xalı 3 qolla qazandı
29.04.2017
23:41 "Kəpəz" artıq püxtələşib - Şahin Diniyev
23:02 “Traktorsazi” gerilədi
22:40 Vardi "Lester"ə qələbə qazandırdı
22:29 "Bavariya" çempion!
22:18 "Trabzonspor" "gənclər"lə bacarmadı
21:11 "Qəbələ" mövsümə məğlubiyyətlə yekun vurdu - Video
20:57 "Sumqayıt"dan daha bir müqavilə
20:48 Hazırlıqsız komanda ilə avrokubokda iştirak etməyin mənası yoxdu - Elxan Abdullayev 
20:41 Onu transfer etmək ehtimalımız azdı - Qurban Qurbanov 
19:32 Qriqorçukun statistikası - ...142 dəfə real, 100 faizlik qol vəziyyətini boşa vermişik 
19:12 Komandanın taleyinə bu həftə aydınlıq gələcək - Tərlan Əhmədov 
19:01 “Qəbələ” üçün vacib oyun olsaydı... - Samir Abasov 
18:53 Avroliqaya son "bilet" "Zirə"nin oldu
18:50 Avropa arenasında uğurlu çıxış etmək üçün... - Ayxan Abbasov 
18:38 "Zirə"ni Avroliqaya aparan qələbə - Video
17:26 Arsen Venger: İndi birdən-birə hamı narahat olmağa başlayıb
16:14 İkiqat çempionluq: Tarixdə 2-ci dəfə
15:32 “Çelsi” ona görə 43 milyon təklif etdi - “Napoli”yə
14:28 Onunla yalnız Teves kəllə-kəlləyə gələ bilərdi - Yazı+Fotolar
14:00 Yunanıstanda “qızıl” qazandıq
13:03 Bu gün qələbə qazanmalıyıq - “Kəpəz”in legioneri
12:04 “Sumqayıt”da yeni müqavilə
11:55 Günün oyunları - TV
10:46 Əhmədə görə araşdırma başladı - FİFA prezidentinə qarşı
10:09 Ronaldinyo “meydan suladı”, “Barsa” “Real”a qalib gəldi - Video
06:07 Məşqçi kimi çalışmaq oyunçu olmaqdan çətindi - İnzaqi 
03:12 “Tottenhem” “Uembli”yə köçür
00:08 Super Liqada çempion bəlli oldu - Ardıcıl 7-ci dəfə

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az