Rəşad Ergün
bütün yazıları
Natiq Muxtarlı
bütün yazıları
Hüseyn Cəbrayıloğlu
bütün yazıları
Vüqar Məmmədov
bütün yazıları


Biri 350 min manata, biri icra başçısına, biri həvəsə görə... - Yazı+Fotolar

Komanda.az saytı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyiylə “Fəaliyyətini dayandırmış Azərbaycan klubları - Səbəblərin araşdırılması” layihəsinin ilk hissəsinə yekun vurur. Böyük arealı əhatə edən layihə çərçivəsində 9 yazıda 6 klubun dağılma səbəbini aydınlaşdırmağa çalışdıq. Bu klubların dağılmasında müxtəlif amillər rol oynasa da, hamısına şamil ediləcək ortaq bir səbəb var - maliyyə axınının dayanması. Bir nəfər sponsorun maliyyələşdirdiyi klublar həmin iş adamının (şirkətin) maddi vəziyyəti pisləşdikdə Azərbaycan futbol qəbiristanlığının sakininə çevrildi. Sovet dövründə yaradılmış klubların dağılmasında maliyyə dayağı olan zavodların fəaliyyətini dayandırması əsas rol oynadı. Maddi problemlərlə yanaşı, bəzi klubların dağılmasında daxili çəkişmələr, kənar müdaxilələrin olması və ya sponsorun futbola olan həvəsinin ölməsinin də müəyyən rolu oldu. Müstəqilliyin ilk illərində fəaliyyətini dayandıran klublarda isə peşəkar kadrların çatışmazlığı, işə həvəskar münasibət dərhal özünü büruzə verirdi.

Layihə çərçivəsində araşdırılmış 6 klubun dağılma səbəblərinə ayrı-ayrılıqda qısa nəzər salaq.

“İnşaatçı” (Bakı)

1986-cı ildə, Bakıda fəaliyyət göstərən bir neçə Ev Tikmə Kombinatının (ETK) komandasının birləşməsiylə yaradılan klub, 1988-ci ildən “İnşaatçı” adlanmağa başlayır. SSRİ dövründə Azərbaycan çempionatlarında çıxış edən “inşaatçılar” ilk müstəqil ölkə çempionatının da iştirakçısı olur. “İnşaatçı”nı Azərbaycan futbolunun tarixinə salan məqam isə ilk ölkə kuboku olur. Məmmədəli Məmmədovun komandası müstəqillik dövründə keçirilmiş ilk ölkə kubokunun finalında Mingəçevir “Kür”ünü məğlub edərək, adını Azərbaycan futbolunun tarixinə yazdırır. Ancaq cəmi 3 il sonra komanda həmin tarixin yaddaşına köçür. Müstəqillik illərində sovet dövründən qalma zavodların, kombinatların bağlanması “İnşaatçı”ya da təsirsiz ötüşmür. Ev Tikmə Kombinatı komandaya maliyyə yardımını dayandırmasa da, klub üçün ayrılan məbləğin bir xeyli azalması klubun fəaliyyətini çətinləşdirirdi. Yeganə ümid ölkə kubokunu qazanaraq avrokuboklara qatılmaq, burdan gələcək maliyyə ilə komandanın ömrünü bir az da olsun, uzatmaq idi. Ancaq “inşaatçılar” 3 il öncəki qəhrəmanlığını təkrarlaya bilmir və kubokun 1/4 final mərhələsində mübarizəni dayandırır. Klubun yaşaması üçün Binəqədi rayon icra hakimiyyətindən komandaya maddi yardım edilməsi üçün adının dəyişdirilməsi təklif edilir. Amma “İnşaatçı”nın təsisçisi Məmmədəli Məmmədov bu təklifdə perspektiv görmür. Beləliklə, “İnşaatçı” 1995-ci ildə ölkə çempionatlarında fəaliyyətini dayandırır.

“Xəzri” (Bakı)

1992-ci ildə əsası qoyulmuş komanda Bakının Buzovna qəsəbəsini təmsil edirdi. Klubun əsas sponsoru da restorana malik, buzovnalı iş adamı Malik Atakişiyev idi. 1993-cü ildə birinci dəstədə çıxış etməyə başlayan Buzovna təmsilçisi 1993/94 mövsümündən yüksək liqada çıxış etməyə başlayır. 1995/96 mövsümünü 2-ci pillədə başa vuran “Xəzri” UEFA kubokuna vəsiqə qazanır. Ancaq burda Polşa “Qutnik”inə ilk mərhələdəcə uduzan (0:9, 2:2) klub mübarizəni dayandırır. Komandanın Avropada uğursuz çıxışı klubun prezidenti Malik Atakişiyevi narazı salır. Növbəti mövsümdə çempionatı üçüncü pillədə başa vuran “Xəzri” ölkə kubokunda finaladək irəliləsə də, burda “Kəpəz”ə uduzur (0:1). Beləliklə, komanda avrokuboklardan kənarda qalır. Bununla da, Malik Atakişiyev komandaya maddi yardımı dayandırır. Yeganə sponsorundan məhrum olan “Xəzri” də tarixin yaddaşına köçür. Buzovna klubunun dağılması digər bir çox “mərhum” komandamızla oxşarlıq təşkil edir - bir sponsor, bir maliyyə dayağı, bir nəfərin narazılığı və... klub qəbiristanlığının növbəti sakini.

“Xəzər” (Sumqayıt)

1960-cı ildən fəaliyyət göstərən “Xəzər” də “İnşaatçı”yla oxşar taleni yaşayır. Hələ sovet dövründən zavodların maliyyələşdirdiyi Sumqayıt təmsilçisi, bu zavodların bir-bir fəaliyyətini dayandırmasıyla əsas maliyyə dayağından məhrum olur. Klubun təsisçisi Sabir Əliyev Sumqayıt şəhər icra hakimiyyətinə üz tutur. Ancaq icra hakimiyyətindən Əliyevə “bizim futbola ayıracaq vəsaitimiz yoxdu” cavabı verilir. Belədə, 1995-ci ildə Sabir Əliyev komadanı buraxmalı olur. İcra hakimiyyətindəki dəyişiklikdən sonra yeni rəhbərlik şəhərin ölkə çempionatında təmsil olunmasına şərait yaradır. Amma kluba sponsorluq edəcəyini deyən Fəxrəddin adlı şəxs təsisçiliyi Sabir Əliyevdən alsa da, komandaya çox az yardımı dəyir. Nəticədə, “Xəzər” 2003/04 mövsümünün gedişində, müstəqillik illərində ikinci dəfə fəaliyyətini dayandırır.

Digər dağılmış klublardan fərqli olaraq, “Xəzər”in fəaliyyətini davam etdirmək şansı çox azdı. Belə ki, “Xəzər”i almaq istəyən şəxs ilk növbədə klubun 350 min dollarlıq borcunu ödəməlidi ki, bu da, o qədər də inandırıcı deyil. Hətta Sabir Əliyevin sözlərinə görə, o vaxt böyük şirkətlərdən biri komandaya yiyə durmaq istəsə də, bu 350 minlik borca görə geri addım atıb.

1992 və 1993-cü illərdə ölkə çempionatını 2-ci pillədə başa vurmuş “Xəzər” çətin ki, bir də ölkə futbol səhnəsində görünsün...

“Viləş” (Masallı)

Hələ sovet dövründən Masallını ölkəmiqyaslı yarışlarda təmsil edən “Viləş” ilk müstəqil çempionatdan etibarən güclülər dəstəsinin daimi sakininə çevrilir. Komanda çempionatın ortabablarından hesab olunurdu. Kluba əsas himayəni Masallı rayon icra hakimiyyətinin həmin dövrdəki başçısı Teymur Yahyayev və onun müavini İldırım Allahyarov edirdi. Şəxsi biznesi olan Allahyarov həm də, klubun prezidenti idi. Komandanın əsas maliyyə dayağı da məhz o idi. Ancaq icra hakimiyyətində dəyişiklik “Viləş”in axırına çıxır. Belə ki, İldırım bəyin sözlərinə görə, yeni başçı Şirəli Əhədov onu çağıraraq, klubu təhvil verməli olduğunu deyir:

“Yeni icra başçısı gəldikdən sonra müavin postundan ayrıldım. Bundan sonra yeni icra başçısı Şirəli Əhədov dedi ki, “komandanı təhvil verməlisən”. Mən dedim ki, komanda “2-ci, 3-cü yerdə gedir, Çempionlar Liqasında mərhələ adlamış “Şəmkir”i məğlub etmişik, komandanı niyə təhvil verim?”. Mənə çox böyük təzyiqlər başladı. Onlar elə bilirdilər ki, klubdan kalan pul gəlir. Daha demirdilər ki, komandaya öz cibimizdən pul xərcləyirdik. Sonradan gördülər ki, gəlir yoxdu, komandanı dağıtdılar”.

Əslində, Allahyarovun bu sözləri hər şeyi deyir. Yeni icra başçısı əvvəlki başçının müavininin komanda saxlamasını istəmir və müəyyən təzyiqlə komandanı ondan alır. Bundan sonra komandanın prezidenti olan iş adamı Hacı Ramazan da komandanın maddi cəhətdən sıxıntı çəkməsinə imkan vermir. Elə komanda ən böyük uğurunu da onun prezident olduğu zaman qazanır (çempionatda 3-cü yer). Ancaq Hacı Ramazanın futbola həvəsi tez ölür. O, ardıcıl ikinci il avrokuboklarda mərhələ adlaya bilməyən komandanı buraxır. Komandanın o vaxtı baş məşqçisi Qəhrəman Əliyevin sözlərinə görə, əsas narazılıq İntertoto kubokunda keçirdikləri ikinci mövsümdən sonra yaranıb:

“Qrindavik”i keçsəydik, növbəti mərhədə İsveçrənin “Bazel” klubuyla düşəcəkdik. Belə olacağı halda, teleyayımdan kluba yaxşı gəlir gələ bilərdi. Ancaq təəssüf ki, üstün olduğumuz oyunlarda qalib gələ bilmədik. Mərhələ keçməməyimiz rəhbərliyə də təsir etmişdi. Buna görə məni günahlandırırdılar. Hacı Ramazan oyundan dərhal sonra komandanı buraxacağını dedi. Mən də istefa verdiyimi bildirdim. Çünki mərhələ keçmək üçün komandaya heç bir şərait yaradılmamışdı. Bu hadisə oyunun səhəri günü olmuşdu”.

Kluba qoyduğu maliyyəni geri götürməyin çətin olduğunu görən komandanın sponsoru 2001-ci ildə “Viləş”i buraxır. Beləliklə, İldırım Allahyarovdan alınan klubu yaşatmaq mümkün olmur.

Komanda sonradan - 2004/05 və 2005/06 mövsümlərində ölkə çempionatının birinci dəstəsində peyda olsa da, tezliklə yenidən yoxa çıxır.

“Şəfa” (Bakı)

Varlığı bir çox qalmaqallara səbəb olan, ancaq ölkə futboluna onlarla futbolçu qazandıran “Şəfa”nın əsası 1998-ci ildə qoyulmuşdu. Həmin ildə isə o vaxtkı AFFA rəhbərliyi, daha dəqiqi, federasiya prezidenti Fuad Musayev bu futbolçuların cəmləşdiyi klub yaratdı.

Ölkə çempionatında keçirdiyi ilk illərdə aşkar atsayder olan “gənclər”, sonrakı mövsümlərdə tədricən daha yüksək yerlər uğrunda mübarizə aparmağa başlayır. Klub hətta 2000/01 mövsümündə ölkə kubokuna da yiyələnir. Lakin komandanın güclənməsi AFFA-nın maliyyələşdirdiyi “Şəfa”ya münasibəti bir az da pisləşdirir. Hətta 2001/02 mövsümünün “Şəfa” - “Xəzər Universiteti” oyununda ikincilər qapılarına təyin edilən penalti qərarını qərəzli hesab edərək, meydançanı tərk edir və çempionatdan çıxdığını açıqlayır. “Tələbələr”ə digər klubların da qoşulmasıyla çempionat yarımçıq dayandırılır və Azərbaycan avrokuboklardan kənarlaşdırılır.

Sonradan bərpa edilən çempionatda “Şəfa” yenidən çıxış etməyə başlayır. Ancaq AFFA rəhbərliyindəki dəyişiklik “Şəfa”nın taleyini həll edir. Fuad Musayevin federasiya prezidentliyindən getməsiylə yiyəsiz qalan klub fəaliyyətini dayandırır. Digər klublardan fərqli olaraq, “Şəfa” maddi çətinlikdən yox, AFFA-nın bu klubdan imtina etməsiylə tarixin yaddaşına köçür.

“Standard” (Sumqayıt)

2006-cı ildə Bakıda yaradılan klub sonradan Sumqayıtı təmsil etməyə başlayır. Klubun prezidenti o vaxtkı iqtisadi inkişaf naziri Heydər Babayevin oğlu Emin Babayev idi. O, “AB Standard” şirkətində rəhbər vəzifədə çalışırdı. Klubun sponsoru isə “Bank Standard” idi. Klub maddi cəhətdən çətinlik çəkmirdi. Ancaq vaxt keçdikcə komandanın çempionatda yüksək yerlər uğrunda mübarizə apara bilməməsi sponsorların əlini komandadan soyudur. Heydər Babayevin nazir vəzifəsindən ayrılmasından sonra “Standard”ın dağılacağı deyilsə də, komanda daha 2 il yaşayır. Kənardan rəhbərliyə komandanı yüksək yerlərə çıxaracağını vəd edən şəxslər bu vədləri yerinə yetirə bilmir və nəticədə Sumqayıt təmsilçisi 2009/10 mövsümünün sonunda aşağı liqaya düşür. Artıq futboldan soyuyan klub prezidenti Emin Babayev “Standard”a maliyyə ayırmaqdan imtina edir. Beləliklə, Premyer Liqanı tərk edən klub birinci diviziona yox, birbaşa Azərbaycan futbol qəbiristanlığına yollanır...

Təqdim etdiyimiz bu klublar Azərbaycanın futbol tarixində fəaliyyətini dayandırmış klubların çox kiçik hissəsidi. Bu günə kimi ölkə çempionatının yüksək liqasında mübarizə aparmış 58 klubdan 46-sı hazırda heç bir peşəkar liqada çıxış etmir. Bu klublardan isə yalnız “Bakı” və “Xəzər Lənkəran” aşağı yaş qruplarında fəaliyyətini davam etdirir. Ancaq vaxtilə elitada çıxış etmiş klubların əksəriyyətinin hətta adı belə yaddaşlardan silinib. Elə klublar var ki, onların dağılma səbəbi hələ araşdırılmalıdı. Bu işin böyük miqyası əhatə etdiyini nəzərə alaraq, layihəni davam etdirməyi planlaşdırırıq.

Qeyd: Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.

Komanda.az


 
tarix: 30-12-2016 17:33

 



Xəbərlər
01.05.2017
01:19 Liderlərdən növbəti qələbə
01:03 PSJ-yə çempionluq yolunda "Nitsa" zərbəsi
00:45 Roma derbisində "Latsio" sevindi, "Napoli" Milandan 3 xalla qayıdır
00:43 "Atletik" "Selta"ya evində "dərs keçdi"
00:02 Nazarovdan növbəti qol - Video
30.04.2017
23:31 Amit Quluzadəsiz AEL “Panatinaikos”a uduzdu
22:10 Budaq Nəsirov “Portu”ya qarşı oynadı
22:04 "Başakşəhər" intriqanı davam etdirdi
21:59 London derbisini "Tottenhem" qazandı
21:53 "Leyptsiq" autsayderlə bacarmadı, "Bavariya" çempion oldu
20:47 “Şah” çempion oldu
20:25 “Kadis” qalib gəldi, İsrafilov...
20:06 Mövsümə qolsuz "sülh"lə yekun vuruldu
19:20 Nazarovdan "Aue"nin qələbəsinə töhfə
18:25 O, üsyan bayrağı qaldırdı: Buraxın, gedim!
17:22 “Malaqa” “Real”ın çempion olmasını istəyir - 1 milyon alacaq
16:27 Fanatlar tələb etdi - Hakimi bizə verin, onu öldürəcəyik
15:26 Şeyx bəyanat yaydı - Korrupsiya ittihamı ilə bağlı
14:50 İslamiada: Millimizin yekun heyəti açıqlandı - Siyahı
14:45 Millimiz yenə uduzdu
14:33 İlqar Nuriyev illər sonra açıqladı: “Gənclər” niyə “öldü”? - Yazı+Fotolar
13:55 “Kəpəz”, “Kəpəz” sədaları altında sağollaşma
13:20 “Böyük beşlik”də 4 çempionluq - Yalnız o bacarıb
12:51 “Qəbələ” mövsümü titulla başa vura biləcəkmi?
12:24 Günün oyunları - TV
11:31 Dadaşov qol vurdu, komandası...
10:14 Kliçko yenə məğlub oldu - Bu dəfə nokautla
06:31 Balotelli erməni modeli təhqir etdi: İyrəncdi! - Foto 
03:25 Mourinyonu tənqid etdi - Ferqyuson heç vaxt belə etməzdi
01:42 "Qarabağ" "Neftçi"ni belə məğlub etdi - Video
00:27 Millimizin üzvü oynadı, komandası uduzdu
00:11 Mövsümün son turunu nə qədər azarkeş izlədi?

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2014 © komanda.az