“Xalların bərabər olması həm bizim, həm də “Qarabağ”ın əleyhinədi”

“Neftçi”nin baş məşqçisi Roberto Bordinin Premyer Liqada “Qəbələ” ilə qarşılaşdıqları oyundan sonra mətbuat konfransı keçirilib.

Komanda.az xəbər verir ki, italiyalı mütəxəssis 1:1 hesabıyla bitən matçı belə şərh edib:

  • Bizə lazım olan nəticə olmadı. “Qarabağ”la xallarımız bərabərləşdi. İlk dəqiqələrdən hücum futbolu oynamağı tapşırmışdım. Rəqib müdafiə olundu. Oyunu əks-hücum üzərində qururdular. İlk hissədə bir neçə imkanımız oldu, ancaq bunu qola çevirmədik. Qoldan sonra da komandam hücum futbolu oynadı. Qələbə qazanmaq üçün sona qədər mübarizə apardıq. Səlahət Ağayevlə Ömər Buludov arasında anlaşılmazlıq oldu və qapımızda qol gördük. Komandanın oyunundan razı qaldım. Baxmayaraq ki, bir xalla kifayətləndik. Bu futboldur. Bununla heç nə bitmir. Növbəti oyuna hazırlaşacağıq.
  • Qələbə üçün nə çatmırdı?
  • Sona qədər mübarizə apardıq ki, qələbə qazanaq. Komandam çox istəkli idi. Bəzi fürsətlərdə bəxtimiz gətirmədi.
  • Sansoneylə Mirabdullanı əvəzlədikdən sonra peşman olmadızmı?
  • Əlbəttə, mən də istərdim ki, iki hücumçuyla oynayım. Sansone yorulmuşdu. Həm də ayağında yüngül ağrıları var idi. Məcbur əvəzlədim. Elə vəziyyət yarandı ki, əvəzləməli oldum.
  • Son vaxtlar “Neftçi”nin müdafiəsində fərdi səhvlər olur…
  • Yenə deyirəm, futbolda bu cür anlaşılmazlıq olur. Bilsəm ki, bu səhvdir, bunun üzərində işləyərəm. Bu futbolda ola biləcək epizoddur. Buna görə futbolçuların əziyyətini itirmək olmaz.
  • Qapıçınızın səhvi bağışlanacaq hərəkət idimi?
  • Səhv deyil, sadəcə, anlaşılmazlıqdı. Hər ikisi də yüz faiz əmin olmalıydılar ki, topu götürəcəklər. 11 oyunçunun hər biri sona qədər mübarizə apardı ki, qələbə qazanaq.
  • “Qarabağ”ın qələbə qazanması və sizin xal itirməyiniz, komandanın əhval-ruhiyyəsinə təsir edəcəkmi?
  • Xalların bərabər olması həm bizim, həm də “Qarabağ”ın əleyhinədi. Hər oyuna qələbə üçün çıxırıq. Xallar eyni olsa da, lider bizik.

Şahin Cəfərov