Volkan Dəmirəl məşqçiliyə başladı

Bir neçə gün əvvəl futbolçu karyerasını başa vurduğunu açıqlayan Türkiyə yığmasının sabiq qapıçısı Volkan Dəmirəl məşqçiliyə başlayıb.

Komanda.az xəbər verir ki, o, uzun illərdi şərəfini qoruduğu “Fənərbaxça” klubunun məşqçilər korpusunda yer alıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. O, İstanbul təmsilçisinin ötən gün baş tutan məşqində baş məşqçi Ersun Yanal tərəfindən komanda üzvlərinə təqdim olunub. Volkanın baş məşqçinin köməkçilərindən biri kimi fəaliyyət göstərəcəyi diqqətə çatdırılıb.

Volkan Dəmirəl “Kartalspor”un yetirməsidi. O, bu komandada iki mövsüm çıxış etdikdən sonra 2002-ci ildə “Fənərbaxça”ya transfer olunmuşdu və 17 il idi İstanbul klubunun uğurları üçün çalışırdı.