Vaxtını gözləyən hadılar, elxanlar

Rəşad Ergün

Əlini uzadıb, yaxşı bir şeydən yapışmaq istəyirsən. Heç əlini də uzatmırsan, barmağını uzadırsan, istəyirsən deyəsən ki, “bax, bizdə bu sahə yaxşıdır, problemsizdir”. Deyə bilmirsən. Yoxdur. Qardaş, bu məmləkətdə yaxşı olan bir sahə yoxdur.

Niyə bu ölkədə insanlar vəzifəyə keçəndə, işıqlı kabinetlərindən çıxarkən, kreslolarından qalxarkən birbaşa tabuta qoyulmağı bu qədər çox, vəhşicəsinə, hərisliklə arzulayırlar?

Niyə Azərbaycan futbolunun boğazına sabunlu kəndir kimi keçirilən adamlar illərdir vəzifələrindən getmirlər? Futbolun lap təpəsindəki şəxsi anladıq, istəsə də, gedə bilməz. Tapşırıq elədir. Bəs Elxan Məmmədov? Bəs Ramin Musayev? Bu boyda ölkədə Məmmədovu, Musayevi əvəz edəcək potensialda, zəkada iki kişi (qadın da ola bilər) yoxdur? Ki, bu adamlar yarım qərinədir yapışdıqları postlardan qopmurlar?

Niyə bizim gördüyümüz hər iş bu qədər saxta təsir bağışlayır?

Prezident, parlament seçkiləri olur, saxtakarlıq tüğyan edir. A kişi, bizim futbol üzrə milli komandalara, Azərbaycanın son illərdə Avropadakı yeganə uğurlu təmsilçisi “Qarabağ”a da sevgimiz saxtadır e. Mən adamlar tanıyıram ki, “Qarabağ” avrokuboklarda oynayanda uduzmasını arzulayıb. Səbəbini soruşanda da, cavabı belə olub ki, “Qarabağ” Qarabağ mövzusunda xalqın başını qatmaq üçündür, mənə bu “Qarabağ” yox, o biri Qarabağ lazımdır”.

Sonra elə ki, bizim əlimizdəki “Qarabağ” avrokuboklardan əlini-ayağını yığışdırır, Premyer Liqa adlanan “hin”ə geri dönür… Görürsən ki, dünən avrokubok oyununda arenaları ağzına kimi doldurub, “Qarabağ”, “Qarabağ” qışqıranlardan heç biri stadionda yoxdur, boş tribunalar üzünə irişir. Bunu bir ingilis, bir ispan, bir italyan, bir alman etməz. Etmir də! Onlar üçün önəmli olan yarış deyil, klubun özüdür. Bizim sevgimiz də saxtadır, qardaş, saxta.

Məsələn, bizdə futbol matçlarının keçirildiyi boş stadionların deputatlarla dolu Milli Məclisimizdən heç bir fərqi yoxdur. Prinsipcə ikisi də boşdur. Biri azarkeşlərsiz boşdur, digəri boş adamlarla boşdur. Birində yaxşı pullar qazanıb, boş-boş qaçan futbolçular, digərində də yaxşı həyat, səlahiyyətlər üçün hər cür yola baş vurub, özünü parlamentə dürtüşdürən başı, ya da vicdanı boş adamlar var.

Bizim jurnalistikamız da siyasətimizin, futbolumuzun tayıdır. Efirlərdən, qəzet səhifələrindən, sayt köşələrindən elə şeylər danışırlar, yazırlar, ağıllı adam dəli ola bilər. “Azərbaycanda futbolu inkişaf etdirmək üçün…”. Və başlanır. Ütülü cümlələr, arada izləyicini, oxucunu ələ almağa yönələn səs tonunu qaldırmalar, hansısa futbol funksionerini asıb-kəsmələr. Boşdur! Başı da boşdur, dedikləri də boşdur! Sənin ölkəndə seçkilər saxtalaşdırıldığı, insanlar ölənə qədər vəzifədə oturub, soyub-taladığı, müstəqil məhkəmələr olmadığı, sözdə müstəqil olmalı olan AFFA-ya təyinatla rəhbərlər təyin edildiyi müddətdə “Azərbaycanda futbolu inkişaf etdirmək üçün…” cümləsini heç bitirmə, sox… dilinin altına.

Qəribəsi də budur ki, ağızlarına alıb gəvələdikləri cümlələr kimi başlarının içi də boş olan bu adamlara – jurnalistlərə əl çalırlar. Vallah, billah, əl çalırlar, alqışlayırlar, “səndən yoxdur” deyirlər. O əl çalanlar, alqışlayanlar ki var, inanın, potensial Elxan Məmmədov, potensial Hadı Rəcəbli, potensial Xanhüseyn Kazımlıdır.

Kim bilir, bəlkə də, Azərbaycanda yaşayanların yarıdan çoxu Elxan Məmmədov, Hadı Rəcəbli, Xanhüseyn Kazımlıdır, sadəcə, “istedad”larını göstərməyə fürsətləri olmayıb, ya da gözləyirlər…

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button