“Valensiya” ikisini gətirdi, birini göndərdi

İspaniyanın “Valensiya” klubu heyətini yeni futbolçularla gücləndirib.

Komanda.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərənin “Vulverhempton” klubunun hücumçusu Patrik Kutrone ilə Portuqaliya “Benfika”sının mərkəz müdafiəçisi Fransisko Ferreyranı (Ferro) heyətinə qatıb.

Bu barədə İspaniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Hər iki futbolçu mövsümün sonuna qədər icarəyə götürülüb. Onların koronavirus pandemiyası ilə əlaqədar bir müddət karantində qalacağı və virusa yoluxmadıqları dəqiqləşəndən sonra komandaya qoşulacaqları diqqətə çatdırılıb.

Qeyd edək ki, “Milan”ın yetirməsi olan Kutrone 2019-cu ildən “Vulverhempton”dadır. 23 yaşlı italyan hücumçu bu mövsümün ilk dövrəsini icarə əsasında “Fiorentina”da keçirib və A Seriyasında çıxdığı 11 oyunda qol vura bilməyib.

Ferro isə “Benfika”nın öz yetirməsidir. 23 yaşlı portuqal futbolçu ilk dəfə fərqli bir klubun formasını geyinəcək.

“Valensiya” öz hücumçusu Ruben Sobrinonu da “Kadis”ə icarəyə verib. 28 yaşlı ispan forvard mövsümün sonuna qədər bu komandada forma geyinəcək. Madrid “Real”ının yetirməsi olan futbolçu 2019-cu ildən “Valensiya”da çıxış etsə də əsas heyət üzvünə çevrilə bilməyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button