Vernidub “Sabah”a niyə gəlməyib?

Ukraynalı mütəxəssis Yuri Vernidubun “Sabah”ın baş məşqçi təklifini qəbul etməməsinin səbəbi müəyyənləşib.

Komanda.az xəbər verir ki, bunu Verniduba yaxınlığı ilə bilinən ukraynalı jurnalist Mixail Spivakov deyib. O, bir müddət əvvəl “Sabah”dan təklif alan, hətta Bakıya da gələn 53 yaşlı çalışdırıcının Belarusa yollanmasını bu ölkənin Ukraynaya daha yaxın olması ilə əlaqələndirib:

“Vernidub Azərbaycan və Qazaxıstan klubundan təkliflər almışdı. Ancaq o, ailəcanlıdır, ev adamıdır. Zaporojyedə yaxşı işlədi, bura doğma vətənidir. Uzaq məsafədə olmadığı üçün məşqçi Belarusda çalışmaq variantına üstünlük verdi. Bura evə daha yaxındır. Bəlkə də, Ukrayna standartlarına görə Soliqorsk seçimi çox cəlbedici görünmür. Ancaq komandanın iddiaları, imkanları, şəraiti varsa, niyə də sınamasın?”

Bu il “Zarya”dan ayrılan Yuri Vernidub Soliqorsk “Şaxtyor”unun “sükanı arxasına” keçib. “Sabah”a isə xorvatiyalı Jelko Sopiç baş məşqçi təyin olunub.