“Uğurlu çıxışın davamını gətirmək istəyirik”

Türkiyədə təlim-məşq toplanışında olan “Qəbələ” mövsümün ikinci yarısına hazırlığını davam etdirir.

Komanda.az xəbər verir ki, “qırmızı-qaralar”ın kapitanı Anar Nəzirov klub saytına açıqlamasında hazırlıq prosesini dəyərləndirib:

“Toplanış zamanı hər şey istədiyimiz kimi, yüksək səviyyədə keçir. Plana uyğun şəkildə məşqlər edirik. Hər bir futbolçu çalışır ki, məşqçilərin verdiyi tapşırıqları tam yerinə yetirsin. Bizi mövsümün ikinci yarısı, çətin və vacib oyunların gözlədiyini bilirik. Bu səbəbdən də toplanışdan maksimum yararlanmaq, tapşırıqları 100 faiz yerinə yetirmək üçün çalışırıq”.

Təcrübəli qapıçı Macarıstanın MTK klubuna qarşı keçirilən ilk yoxlama oyununa da (0:3) toxunub: “Hazırlığın ilk hissəsini Bakıda keçirdik. Orda yükləmələr oldu. Bunun davamını Türkiyədə gerçəkləşdiririk. Artıq Antalyada ilk yoxlama matçını da keçirmişik. Düzdü, bu qarşılaşmada məğlub olduq. Lakin məşqçilərin də dediyi kimi, istədiklərimizin bir hissəsini ala bildik. Hər iki hissədə fərqli heyət oynadığı üçün müəyyən səhvlərin olacağı gözlənilən idi. Buna baxmayaraq, var gücümüzlə, əzmlə çalışıb, məşqlərimizi davam etdiririk”.

Nəzirov mövsümün ikinci yarısında uğurlu çıxış etməyə kökləndiklərini və buna çalışdıqlarını bildirib: “Komandanın hazırlığına gənc futbolçular da qoşulub. Bu, akademiyamızın yetirmələri üçün inkişaf baxımından çox faydalıdı. Azarkeşlərin və klub rəhbərliyinin bizdən nə gözlədiyini bilirik. Biz də əlimizdən gələnin ən yaxşısını edəcəyik. Mövsümün ilk yarısının sonlarındakı uğurlu çıxışın davamını gətirmək istəyirik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button