UEFA-nın yeni avrokubok turnirinin adı bəlli oldu

UEFA-nın təşkilatçılığı ilə keçiriləcək üçüncü avrokubok turnirinin adı müəyyənləşib.

Komanda.az “Bild” nəşrinə istinadən xəbər verir ki, qurum həmin turniri Konfrans Liqası adlandıracaq.

Konfrans Liqasının 2021/22 mövsümündən etibarən başlaması nəzərdə tutulub. Bu, Çempionlar Liqası və Avropa Liqasından sonra üçüncü ən vacib avrokubok turniri olacaq.

Yarışın formatının Çempionlar Liqasının formatına (32 komanda, 8 qrup) bənzəyəcəyi ehtimal olunur. Qrup liderləri birbaşa 1/8 finala vəsiqə qazanacaq. İkinci yeri tutan kollektivlər pley-offa yüksəlmək üçün Avropa Liqasının qrupunda üçüncü olan komanda ilə mübarizə aparacaq. Konfrans Liqasının qalibi növbəti mövsüm Avropa Liqasının qrup mərhələsində iştirak edəcək.