UEFA Mxitaryanın Bakı səfəri üçün “Arsenal”ı dəstəkləyəcək

İngiltərənin “Arsenal” klubu Avropa Liqasında finala vəsiqə qazansa, UEFA London klubunun erməni futbolçusu Henrik Mxitaryanın Bakıya səfəri üçün əlindən gələni edəcək.

Komanda.az xəbər verir ki, belə bir iddianı ESPN nəşri yayıb. Məlumatda bildirilir ki, qitə futbol qurumu erməni yarımmüdafiəçinin Azərbaycana viza alması üçün “topçular”a istənilən dəstəyi verməyə hazır olduğunu bildirib. Bu üzdən də “Arsenal”ın düşərgəsində 30 yaşlı futbolçunun mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək həlledici qarşılaşmada iştirakında hər hansı problem olmayacağını düşünürlər.

Məsələ ilə bağlı UEFA-nın da mövqeyi öyrənilib:

“Bu, UEFA üçün standart prosedurdu ki, futbolçuların qurumun bayrağı altında keçirilən oyunlarda iştirakını təmin etmək üçün assosasiyalara, klublara və ya səfirliklərə məktub göndərilir”.

Avroliqanın 1/4 final mərhələsinin ilk oyununda Londonda “Napoli”ni 2:0 hesabı ilə məğlub edən “Arsenal” bu komanda ilə aprelin 18-də cavab matçına çıxacaq. “Topçular” mərhələni keçsələr, yarımfinalda “Vilyarreal” – “Valensiya” cütünün qalibi ilə qarşılaşacaqlar.

Xatırladaq ki, Mxitaryan bundan əvvəl 2 dəfə – 2015-ci ildə hələ Dortmund “Borussiya”sında çıxış edərkən “Qəbələ”, ötən il isə “Qarabağ”la oyunlar üçün Bakıya gələ bilərdi. Ancaq hər iki halda Almaniya və İngiltərə klubları Azərbaycanla Ermənistan arasındakı münaqişə ilə əlaqədar sözügedən futbolçunu ölkəmizə gətirməməyə qərar vermişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button