Yeni formatlı Avropa çempionatı – Azərbaycan millisi ən zəiflər arasında

UEFA 19 yaşadək futbolçulardan ibarət milli komandaların Avropa çempionatının formatında dəyişiklik edib.

Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yarış Millətlər Liqası sistemi ilə keçiriləcək. 2021/22 və 2022/23 mövsümlərini 2020-22 və 2021-23 illəri əvəz edəcək. Yarış 8 komandalı final mərhələsi ilə başa çatacaq. 2022-ci ildə final mərhələsinə Slovakiya ev sahibliyi edəcək. 2020-22 mövsümündə 2003-cü il yanvarın 1-dən sonra anadan olanlar, 2021-23 mövsümündə isə 1 yaş kiçiklər mübarizə aparacaqlar.

UEFA İcraiyyə Komitəsinin təsdiqlədiyi yeni format özünü doğrultsa, 2023-cü ildən U-17-lərin də yarışları bu sistemlə təşkil olunacaq.

Komandalar A, B və C liqalarında oynayacaqlar. A liqasında 4 komandadan ibarət 5 qrup, B liqasında 4 komandalı 4 qrup olacaq. Avropanın ən zəif 19 millisi isə C liqasında 4 və 3 komandalı qruplarda çıxış edəcək. Azərbaycan millisi də 1-ci mərhələdə bu liqada qüvvəsini sınayacaq.

1-ci raundun püşkü bu il dekabrın 3-də, oyunları isə gələn il noyabrın 17-də başlayacaq. 2-ci mərhələnin 2020-ci ilin dekabrında püşkü atılacaq, oyunları isə 2021-ci il 8 iyunda başlayacaq. 3-cü mərhələnin püşkü 2021-ci ilin yayında, oyunları isə avqustun 30-dan sentyabrın 7-dək və ya oktyabrın 4-12-də, 8-16-da keçiriləcək. Sonuncu – 4-cü mərhələnin püşkatması 2021-ci ilin dekabrında təşkil olunacaq, qarşılaşmaları isə 2022-ci ilin martında oynanılacaq. Hər mərhələdən sonra komandalar liqalarını dəyişəcək, ən yaxşılar daha yüksək, zəiflər aşağı dəstəyə düşəcək.

Azərbaycan millisi final mərhələsinə yüksəlmək üçün ilk mərhələdə C liqasından B liqasına, növbəti iki raundda isə A-ya yüksəlməlidir. Çünki final mərhələsinə 7 vəsiqə yalnız A liqasında keçiriləcək 4-cü mərhələdə sahiblərini tapacaq.

19 yaşadək futbolçulardan ibarət Avropa çempionatının final mərhələsi 2022-ci ilin iyulunda keçiriləcək.