“Niyə qalib gəlmədiyimizi bilmirəm” – Van Dayk

UEFA Millətlər Liqasının final matçında Portuqaliya millisinə 0:1 hesabı ilə məğlub olan Hollandiya yığmasının müdafiəçisi Vircil Van Dayk oyundan sonra açıqlama verib.

Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, “Liverpul”un şərəfini qoruyan 27 yaşlı futbolçu, daha yaxşı oynamaları lazım olduğunu deyib:

“Niyə qalib gəlmədiyimizi bilmirəm. Rəqibə çox qol şansı vermədik. Sadəcə, bir epizodda top cərimə meydançası daxilində onlarda oldu, bunda da biz zərbəyə mane ola bilmədik. Buna baxmayaraq, qalib gəlmək üçün biz də daha çox qol epizodu yaratmalı idik. Final matçında daha yaxşı oynamağımız lazım idi.

Oyunda hər şeyi sınadıq, amma bunlar kifayət etmədi. Millətlər Liqasında qalib olsaydıq, bu, milli komanda üçün daha yaxşı olacaqdı. Turnirə başlayarkən, kimsə finala qədər irəliləyəcəyimizi gözləmirdi. Buna görə də, bir məğlubiyyət gördüyümüz işə kölgə sala bilməz. Hollandiya millisi doğru yoldadır və biz bu yolda irəliləməyə davam edəcəyik”.