Türkiyə millisinin sabiq üzvü karyerasını başa vurdu

Futbol üzrə Türkiyə millisinin, “Qalatasaray” və “Fənərbaxça”nın sabiq yarımmüdafiəçisi Bilal Kısa karyerasını başa vurub.

Komanda.az xəbər verir ki, 37 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

O, 19 illik peşəkar karyerasını bitirməyə qərar verdiyini bəyan edib. Bilal Kısa bu müddət ərzində formasını geyindiyi bütün klublara, onların rəsmilərinə, çiyin-çiyinə oynadığı futbolçulara, azarkeşlərə və ailəsinə dəstəyə görə təşəkkürlərini çatdırıb. Yarımmüdafiəçi yenə futbolda qalacağını bildirib. Bu isə onun məşqçilik karyerasına başlamaq istəməsindən xəbər verir.

Qeyd edək ki, Bilal Kısa karyerası ərzində “Fənərbaxça”, “İzmirspor”, “Malatyaspor”, “Ankaraspor”, “Ankaragücü”, “Karşıyaka”, “Karabükspor”, “Akhisarspor”, “Qalatasaray”, “Bursaspor” və “Boluspor”un formasını geyinib. Təcrübəli futbolçu geridə qalan mövsümü məhz Bolu təmsilçisində keçirib. Bilal Kısa bir müddət Türkiyə yığmasında da forma geyinib.