Türkiyə millisində Ştefan Kunts dönəmi rəsmən başladı

Futbol üzrə Türkiyə millisinin yeni baş məşqçisi Ştefan Kuntsla müqavilə imzalanıb.

Komanda.az xəbər verir ki, Riva Hasan Doğan Milli Komandalar Təlim Mərkəzində almaniyalı mütəxəssisin təqdimat mərasimi keçirilib.

Kunts Türkiyə Futbol Federasiyası ilə 3 illik müqaviləyə qol çəkib. Oktyabrın 8-də DÇ-2022-nin seçmə mərhələsində Norveçlə görüş 59 yaşlı məşqçinin yığmada debütü olacaq.

Kunts yığmaya təyinatı haqqında fikirlərini bölüşüb. Alman məşqçi təqdimat mərasimində bunları söyləyib:

“Norveçlə DÇ-2022-nin seçmə oyununa sürətlə hazırlaşacağıq. Bütün diqqəti oyunumuza yönəldəcəyik. Hamit Altıntop mənimlə əlaqə saxladı və millidə çalışmağı təklif etdi. Həmin anda çox qurur duydum. Məşhur və uğurlu türkiyəli baş məşqçinin ardından bu posta gəldiyim üçün xoşbəxtəm. İşin böyük hissəsi bundan sonra başlayır”.

Xatırladaq ki, Türkiyə yığması DÇ-2022-nin seçmə mərhələsində Niderlanda 1:6 hesablı məğlubiyyətdən sonra Şenol Günəşlə yollarını ayırıb.