Türkiyə millisi Reykyavikdə qalmaqalla üzləşdi – FOTOLAR

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində sabah səfərdə İslandiya ilə qarşılaşacaq Türkiyə milli komandası sözügedən ölkəyə yollanıb.

Komanda.az xəbər verir ki, ötən gün səfərə çıxan və təxminən 6 saatlıq uçuşdan sonra Reykyavikə çatan “ay-ulduzlular”, İslandiya paytaxtında xoşagəlməz hadisəylə üzləşiblər.

Türkiyə mətbuatının yazdığına görə, yerli polis türkiyəli futbolçuları hava limanında pasport qeydiyyatına görə 2 saatdan çox ləngidib. Bu isə qonaqlar tərəfindən haqlı narazılıqla qarşılanıb. Ölkəyə girişlərinə icazə verildikdən sonra türklər avtobusla Reykyavikdə məskunlaşacaqları otelə yollanıblar.

Türkiyə millisinin ən təcrübəli futbolçu Əmrə Belözoğlu da Reykyavikdə gözlənilməz münasibətlə üzləşib. Belə ki, qalmaqaldan sonra elə hava limanındaca jurnalistlərə bu barədə açıqama verdiyi zaman, bir islandiyalı ona fırça uzadıb. Bu hərəkətindən sonra o, qaçaraq hadisə yerindən uzaqlaşıb.

İslandiya – Türkiyə oyunu sabah keçiriləcək və Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.