Dünən “kral”, bu gün… – Taksi sürür, kitab satır FOTO

Türkiyə milli komandasının sabiq futbolçusu Hakan Şükür hazırda ABŞ-da taksi fəaliyyəti ilə məşğuldur.

Komanda.az xəbər verir ki, bu barədə keçmiş hücumçu Almaniya mətbuatına açıqlamasında deyib:

“Rəcəb Tayyib Ərdoğan hər şeyimi – azadlığımı əlimdən aldı. Heç bir şeyim qalmayıb. Mən heç nə etməmişəm. Xain və ya terrorçu deyiləm.

Bu hökumətə düşmən ola bilərəm, ancaq dövlətimə və türk millətinə yox. Ölkəmi sevirəm. Məlum məsələlərdən sonra həyat yoldaşımın dükanına basqın oldu, uşaqlarım zorakılığa məruz qaldı, atam həbs olundu və bütün mal varlığıma əl qoyuldu.

Bu səbəbdən də, əvvəlcə ABŞ-da bir kafe açdım. Ancaq ora fərqli adamlar gəlirdi. İndi UBER şirkətində taksi sürücüsü kimi çalışıram, kitab satıram”.

Türkiyə millisinin və “Qalatasaray”ın sabiq hücumçusu terrorçu qruplaşma elan olunan FETO-nun üzvü olmaqda ittiham edilir.