Türkiyə klubunda baş məşqçi istefası və yeni futbolçu

Türkiyənin “Rizəspor” klubu baş məşqçisi Stepan Toması istefaya göndərib.

Komanda.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 44 yaşlı xorvat mütəxəssis Super Liqanın 19-cu turu çərçivəsində “Yeni Malatyaspor”a məğlubiyyətdən sonra istefaya göndərilib.

Vaxtilə “Fənərbaxça” və “Qalatasaray”da da oynamış, məşqçilik karyerası tam olaraq Türkiyəyə aid olan Tomas, 2020-ci ildən Rizə klubunu çalışdırırdı. Onun komandası Super Liqada 18 oyuna topladığı 21 xalla 16-cı pillədə qərarlaşıb.

“Rizəspor” artıq yeni baş məşqçi axtarışına da başlayıb. Super Liqa təmsilçisi bir neçə gün öncə “Qaziantep”in istefaya göndərdiyi Marius Şumudiça ilə danışıqlara başlayıb və ilkin razılıq əldə olunub. Rumın mütəxəssisin qısa zamanda Rizəyə gedəcəyi və 1.5 illik müqaviləyə imza atacağı bildirilir.

Rizə təmsilçisi hələlik baş məşqçi dəyişikliyi ilə bağlı heç bir rəsmi açıqlama yaymasa da, yeni futbolçu ilə gücləndiyini ictimaiyyətə bildirib. Belə ki, elita klubu “Fatih Karagümrük”dən Erik Sabonu transfer edib. Tərəflər 1.5 illik müqavilə barədə razılığa gəliblər. 29 yaşlı slovak yarımmüdafiəçi bu gündən etibarən yeni komandasına qoşulacaq.