Topustan (6-cı hissə)

  • Ortada bir top var idi, amma oyunlar onunla oynanılmırdı.

İştirakçılar

UEFA Elxan – 40-45 yaşlarında kişi

Çempionat Ramin – 50-55 yaşlarında kişi

Fağır Nikolay – 50-55 yaşlarında kişi

Mətbuat Firuz – 40-45 yaşlarında kişi

Jurnalist Yazarov – 30-35 yaşlarında kişi

Kadr Kamran – 45-50 yaşlarında kişi

Sinyor Roberto – 55-60 yaşlarında kişi

Çempion Qurban – 45-50 yaşlarında kişi

Katibə Firəngiz – 25-30 yaşlarında xanım

Mayor Qasımov – 55-60 yaşlarında kişi

Müəllim – Nə yaşı bilinir, nə özü görünür

Veteranlar, azarkeşlər, bir neçə klub rəhbəri, məşqçilər – Onların da yaşları bilinmir, amma ara-sıra adları çəkilir, hadisələrin içində olurlar

(5-ci hissəni oxumaq üçün link: http://komanda.az/topustan-5-ci-hiss%c9%99/)

Əvvəlcə hündürdaban ayaqqabıların döşəməyə dəyərək çıxardığı səslər eşidildi, daha sonra qapı döyüldü. Katibə Firəngiz idi, içəridən eşitdiyi “gəlin” sözündən sonra qapını aralayaraq, başını içəri uzatdı:

  • “Mojna”, Elxan müəllim?

UEFA Elxan yayxanıb oturduğu yumşaq oturacaqda azca dikəlib, “hə, buyurun” dedi.

UEFA Elxanın cavabından sonra katibə qapını bir az geniş açıb, otağa girdi. İçəri girməsi ilə otağa xoş ətir qoxusu yayıldı:

  • Elxan müəllim, bir neçə adam gəlib, deyirlər ki, sizinlə görüşməlidirlər.

UEFA Elxan bir əliylə alnını ovuşdurdu, o biri əliylə kreslonu qabağa çəkib, yerini rahatladı:

  • Hə, bilirəm, veteranlardır, buraxın, gəlsinlər.

Katibə Firəngiz başını razılıq əlaməti olaraq yellədib, dabanları üstündə fırlanaraq, otaqdan çıxdı.

UEFA Elxan gələnlərin kim olduğunu bilirdi, özü onları dəvət etmişdi. Son vaxtlar futbol üzrə milli komandanın keçmiş kapitanı olmuş Süleymanovun təsis etdiyi Azad Həmkarlar İttifaqı ilə əməlli-başlı problem yaşayırdı. Düzdür, UEFA Elxanın mətbuatdakı Jurnalist Yazarov kimi əlaltıları, onun özünün birbaşa nəzarət etdiyi idman kanalı bu “müharibə”də onu tək qoymurdular. Amma narazı Süleymanovu, onun yeni yaratdığı təşkilatı dəstəkləyənlərin sayının artmaqda olması UEFA Elxanı təşvişə salırdı. Nəhayət, o, dünən qərara gəldi ki, “üsyançı” veteranlara qarşı “müharibə”ni elə veteran futbolçuların özləri ilə aparsın. Nə çoxdur federasiyadan iş, pul uman veteran?

  • Tuk, tuk…

Qapı döyüldü. UEFA Elxan cavab verməmiş, qapı aralandı və Katibə Firəngizin başı göründü:

  • “Mojna”, Elxan müəllim? Qonaqlar gəlib… Buyurun, keçin içəri.

Katibə kənara çəkilən kimi otağa əvvəlcə veteran futbolçu olmaqla yanaşı, AFFA İcraiyyə Komitəsinin də üzvü olan Cavadov girdi. Onun ardınca Əhmədov və UEFA Elxanın bir neçə dəfə görsə də, adlarını unutduğu başqa bir neçə futbol veteranı.

UEFA Elxan bu Cavadovu yaxşı tanıyırdı. Futbol veteranları arasında ən məşhurlarından olmasıyla yanaşı, onu ən ağıllılarından da hesab edirdi. Vaxtında AFFA rəhbərliyinin ona təklif etdiyi imkanlara, vəzifələrə “hə” deyib, keçmişdi UEFA Elxanın tərəfinə. Milli komandaların demək olar bütün səfər oyunlarında bu Cavadovu görmək olardı. Pulu pul, vəzifəsi də vəzifə. Özü də UEFA Elxana çox sədaqətli idi, onun uğrunda bütün veteran futbolçuları, hətta lazım gəlsə, Azərbaycan futbolunu da satardı. Düzdür, UEFA Elxan Cavadovun sədaqətinin onun özünə yox, ona yaradılan şəraitə olduğunu bilirdi. Amma… Nə isə. Bir də, bu Əhmədov. Başının dazlaşmış ortası daim parıldayan bu adamdan heç xoşu gəlmirdi UEFA Elxanın. Özü də bir müddət əvvəl fırıldaqçılıq üstündə “içəri”də yatıb çıxmışdı. Ancaq nə etmək olar, iş işdir, özünü qorumaq üçün sənin əlindən də çirkli olan əlləri sıxmalısan.

  • Buyurun, keçin əyləşin – UEFA Elxan ayağa durub, qonaqlara yer göstərdi.

Əvvəlcə Cavadov altına stul çəkib oturdu, sonra Əhmədov onun yanında özünə yer etdi. Qalan üç veteran futbolçu da onların sağında, solunda əyləşdilər.

UEFA Elxan qonaqlarına ötəri nəzər salıb, soruşdu:

  • İçməyə nə istəyirsiz?

Hamının əvəzinə Cavadov cavab verdi:

  • Sağ olun, elə söhbətimizi edək, gedək biz. Sizin də vaxtınızı çox almayaq.

UEFA Elxan yəqin Katibə Firəngizi çağırmaq üçün telefonun dəstəyinə uzatdığı əlini geri çəkib, gülümsədi:

  • Deyəsən, siz məndən də çox tələsirsiz. O qədər iş var ki, adam bilmir hansından başlasın, hansında qurtarsın.

Veteranlardan birinin süni gülüş səsi otağa yayıldı. Amma səsini tez də kəsdi.

UEFA Elxan baxışlarını Əhmədovun başının daz hissəsindən çəkib, üzünü Cavadova tərəf çevirdi:

  • Sizin bu veteran dostlarınız əməlli-başlı ağ edirlər. Biz sizin üçün əlimizdən gələni etməyə çalışırıq, ancaq görünür, bu, kimlərinsə xoşuna gəlmir. Bizim aramızı vurmağa çalışırlar, öz ətraflarına adamlar yığıb, bütün günü çayxanalarda, mətbuatda arxamızca ağızlarına gələni danışırlar.

Cavadov başını ağır-ağır yellədi:

  • Bilirik, xəbərimiz var. Mən özüm şəxsən Süleymanovla danışıb, ona nəsihət vermək istədim. Amma…
  • Amma nə? – UEFA Elxanın hövsələsiz sualı eşidildi:
  • Amma deyir ki, bizim yaratdığımız təşkilatın heç kimə ziyanı, düşmənçiliyi yoxdur.

UEFA Elxan özündən çıxdı:

  • Necə yəni yoxdur? Bu boyda işlər görürük biz, böyük turnirlər keçiririk Bakıda. Bunları görməzdən gəlirlər, oturub gözləyirlər ki, milli komandalardan biri uduzsun, dərhal hücuma keçsinlər. Siz özünüz də bu işlərin içində olursuz, görürsüz biz necə işlər görürük.

Cavadov başıyla təsdiqlədi:

  • Əlbəttə, biz bunların hamısını bilirik, görürük. Ancaq bir şey var…

UEFA Elxan üzünə hopan narazı ifadəylə Cavadova baxdı:

  • Nə var? Danışın, narahat olmayın. Mən istəyirəm ki, bu problemi həll edək.

Cavadov yenə başını razılıqla tərpətdi:

  • Bilirik, biz də sizə kömək etmək üçün burdayıq. Ancaq bu problemi həll etmək üçün bəzi veteran futbolçulara, işsiz məşqçilərə müəyyən imkan yaratsaydız, yaxşı olardı. Onlar da sizin apardığınız siyasətdən, gördüyünüz işlərdən razıdırlar. Amma istəyirlər ki, bu proseslərdən kənarda qalmasınlar. Məndə onların siyahısı var, istəsəz…

Cavadov sözünü bitirmədən, əlini pencəyinin cibinə salıb, ordan dörd yerə qatlanmış bir kağız parçası çıxardı. Sonra o kağız parçasını UEFA Elxana uzatdı. UEFA Elxan kağız parçasının qatlarını açıb, ora yazılan adları yenicə oxumağa başlamışdı ki, stolun üstündəki iş telefonunun cingiltisi otağa yayıldı. Dəstəyi qaldırdı:

  • Alo… Kim? Mənim yanıma gəlir? Hmm… Yaxşı, mənə məlumat verərsiz.

Dəstəyi yerinə qoydu. Sonra üzünü veteranlara çevirdi:

  • Sizdən hansınızsa Çempion Qurbanı bu görüşə dəvət etməyib?

Veteranlar təəccüblə bir-birinin üzünə, sonra çevrilib UEFA Elxana baxdılar.

(davamı olacaq)

Kürşad